Rüstəm İbrahimbəyov yenidən Bakıda

Rüstəm İbrahimbəyov yenidən Bakıda Şeyx Əbdül: “Rüstəmin fəaliyyəti rəsmi statusu olan Kino İttifaqını parçalamaqdan ibarətdir”

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Bakıdadır. Bu məlumatı qurumun katibi Əli İsa Cabbarov “Yeni Müsavat”a açıqlamasında təsdiqləyib. AKİ katibi bildirdi ki, 2 avqust Milli Kino Günü ilə bağlı avqustun 1-də tədbir keçiriləcək, qaliblər mükafatlandırılacaq və R.İbrahiməyov da orada iştirak edəcək. “Avqustun 1-də ənənəvi kino mükafatı qaliblərə təqdim olunacaq.

Bu il rejissor Cahangir Zeynallı, xalq artisti Şükufə Yusifova, rejissor Murad İbrahimbəyov, gənc aktrisa Zülfiyyə Qurbanova qaliblərimizdir.

Eyni zamanda kino günü Kino Evinin açılışını elan edəcəyik. Ertəsi gün, yəni avqustun 3-də artıq ilk film göstəriləcək. Elmar İmanovun Rotterdam festivalında qalib olmuş “Mövsümün sonu” filmi nümayiş ediləcək”.

Ə.İ.Cabbarov qeyd etdi ki, aki.az İttifaqın rəsmi saytını da açıq elan edəcəklər: “Kinomuzun problemləri ilə bağlı demək olar ki, dinamika və kəmiyyət var, lakin bunu keyfiyyətə və inkişafa keçirmək qarşıda duran məqsədlərdəndir. Bunun üçün vacib amil peşəkarların həmrəyliyidir. Sənət, kino, milli maraqlar ətrafında peşəkarların birliyi kinomuzun inkişafının qarantıdır. İttifaqda son durumla bağlı deyə bilərəm ki, hökumət tərəfindən Kinematoqrafçılar İttifaqına maliyyə dəstəyi göstərilməkdədir”.

AKİ katibi dedi ki, hazırda ittifaq kino tədbirinə hazırlaşır, eləcə də Kino Məktəbinin işləri ilə məşğuldur. Onun sözlərinə görə, R.İbrahimbəyov bayramdan sonra da bir müddət Azərbaycanda olacaq.

Əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül Mahmudbəyli “Yeni Müsavat”a bildirdi ki, bu gün kino xadimlərinn ehtiyacları çoxdur. Onun sözlərinə görə, onların aldıqları qəpik-quruş kinodandır: “Çəkiliş qurtardısa, pul da yoxdur. Bu gün həmin çətinlikləri prezident kompensasiya edir, maliyyə ayırır, evlər, təqaüdlər verir, yəni dövlət dəstəyi göstərir. Biz inamla gözləyirik ki, kinomuza böyük qayıdış olacaq, peşəkarlar yenə gələcək, kino yerini bərpa edəcək.

Çünki kino xalqın tarixidir, mədəniyyətin təbliğidir, dövlətin ideologiya silahlarından biridir. “Nəsimi”, “Yeddi oğul istərəm” filmləri dünyanın 138 ölkəsində nümayiş olunub”.

Şeyx Əbdül prezidentin kinoya sonuncu dəfə ayırdığı 5 milyon manat dəstəyi gözəl təşəbbüs sayır: “Lakin bu pula 2-3 yaxşı kino çəkmək olar.

Amma digər sahələr də var, o səbəbdən maliyyə çox bölünür. Ona görə pay-peş edəndə “ucuz ətin şorbası olmur”. Amma inanıram ki, bu da düzələcək”.

Ölkədə iki kino ittifaqının olmasına gəlincə, Şeyx Əbdül “od püskürdü”. Onun fikrincə, R.İbrahimbəyov Azərbaycan kinosuna xəyanət edib:

“Qurultay çağırmadan getdi siyasətə qoşuldu. Qurultayın razılığı olmadan prezident olmaq istədi. Oranı da yarımçıq qoyub ölkədən getdi. Sonra getdi ”Qafqaz üçlüyü” kimi eybəcər film çəkdi.

Rüstəmin böyük sənətkar olmasını kimsə inkar edə bilməz. Amma etdiyi xəyanətlərin cavabını verməlidir. İki kino ittifaqı mümkün deyil.

Rəsmi statusu olan, təsdiqlənmiş, dövlət dəstəyi olan bir kino ittifaqı var. Gəlsinlər, qoşulsunlar, fəaliyyət göstərsinlər. İbrahimbəyov hansı mənəvi haqla anarxiya yaradır? Onun ətrafına yığılanlara da ar olsun. O kimdir ki, kinonu bərpa eləsin? Özfəaliyyət bir işdir. İttifaqı dağıdıb, atıb qaçıb, indi yenə qayıdır. 82 yaşı var, qoca kişisən, otur evində, ssenarini yaz, filmlərini çək”.

Müsahibimiz bildirdi ki, İbrahimbəyovun çıxışlarında Azərbaycanın maraqlarına aid bir cümlədə yoxdur: “Məscidin qapısı açıq olanda da gərək adamın həyası ola. İki kino ittifaqı necə ola bilər? Allah Rəsulzadəyə, Elçibəyə rəhmət eləsin. Azərbaycanın bir ”Yeni Müsavat” adlı qəzeti var.

Biri gəlib eyni adla qəzet açsa hansı reaksiyanı verərsiniz? Rüstəm, sən qaçmısan, xəyanət eləmisən, təzədən gəlib hansı haqla iddia edirsən?

Onun bu fəaliyyəti rəsmi statusu olan kino ittifaqını parçalamaqdan ibarətdir. Birləşmək istəyirlərsə, bir kino ittifaqı var, gəlsinlər, qoşulsunlar”.

Oxşar xəbərlər