“Rüstəm İbrahimbəyov öz xalqını aşağılayır” — Çingiz Qənizadə

“Rüstəm İbrahimbəyov öz xalqını aşağılayır” — Çingiz Qənizadə “Azərbaycanlı soyadını daşıyan bir şəxsin – Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu qədər qərəz mövqe nümayiş etdirməsinə bəlkə də təəccüblənmək lazım deyil. Bu insan həyatının böyük hissəsini başqa xalqların nümayəndələrinin içərisində keçirib. İndi də böyük qardaşların yanında yaxşı olmaq üçün öz xalqını aşağılayır”.
Bunu APA-ya açıqlamasında ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya və Fuad İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində azərbaycanlıların vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökü olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunmasına münasibət bildirən millət vəkili Çingiz Qənizadə bildirib.

Ç. Qənizadə deyib ki, kinorejissor gürcü, ssenari müəllifi Rüstəm İbrahimbəyov, aşağılanan xalq Azərbaycan xalqı, müdafiə olunan isə ermənilərdir: “Yəni bu filmlə Qafqazda iki xalqın - gürcü və ermənilərin Azərbaycan xalqına münasibətini formalaşdırmaq, xalqımızın vəhşi obrazını yaratmaq istəyir. Bu gün Azərbaycanda 30 min erməni əsilli insan yaşayır. Biz onları heç arayıb axtarmırıq, salamlaşırıq da. Biz erməni xalqı ilə düşmən deyilik. Təbii ki, Ermənistanda hakimiyyətdə olan, öz xalqını da çox ağır bir duruma gətirib çıxarmış işğalçı rejimlə düşmənik, çünki torpaqlarımızı işğal ediblər. Amma Rüstəm İbrahimbəyov kimi birisi 30 min insanımızı şəhid etməklə Dağlıq Qarabağ və ətraf rayonlarımızı işğal etmiş erməniləri dəstəkləyirsə, mən başqa söz tapa bilmirəm. Azərbaycana gələn hər bir əcnəbi dünən də, bu gün də və sabah da xalqımızın humanist, qonaqpərvər və sülhpərvər bir xalq olduğunun şahidi olub və şahidi olmağa davam edəcəklər”.
Millət vəkili qeyd edib ki, Moskvada yaşayan M. İbrahimbəyovun çəkdiyi “Qafqaz üçlüyü” filmi əslində film deyil, qərəzli tamaşadır: “Bu təkcə Azərbaycan xalqının aşağılanması deyil, bu filmi çəkənlərin Moskvada, Kremldə olanlar qarşısında sanki öz xalqını aşağılamaqla hansısa dividentlər əldə etməsinə yönəlmiş bir addımdır. Sanki Rüstəm İbrahimbəyov Əkrəm Əyləslinin “Daş yuxular” əsərində təqdim etdiyi kadrı səhnələşdirib. Araşdırsaq, yəqin ki, Rüstəm İbrahimbəyovun da soyunda, kökündə hansısa o xalqa yaxın xalqın nümayəndələri gəlib çıxacaq. Bu filmin ssenarisini yazana, rejissoruna və filmdə iştirak edənlərə ayıb olsun”.

Oxşar xəbərlər