Tikinti şirkətləri və MTK-lar prezident fərmanının icrasına problem yaradır

Tikinti şirkətləri və MTK-lar prezident fərmanının icrasına problem yaradır Ramil Osmanlı: “Prosesin irəliləməsi üçün dövlətin əlavə müdaxiləsinə ehtiyac var”

Prezident İlham Əliyevin çoxmənzilli yaşayış binalarının istismara qəbulu prosesinin asanlaşdırılmasına dair fərmanının icrası prosesi davam etdirilir. İndiyədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 59 çoxmənzilli yaşayış binaları kompleksinin istismarına icazə verilib.

Komitə sədri Samir Nuriyevin mətbuata verdiyi məlumata görə, həmin komplekslərdə 11 mindən artıq ailə məskunlaşıb. İcazə verilənlərdən əlavə, hazırda ölkədə 400-ə yaxın bu cür layihə mövcuddur: “Aidiyyəti dövlət qurumları öz işlərini bitirib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verdikdən 1 həftə sonra mülkiyyət hüququnu təsdiq edən sənəd verilir”.

Komitə sədri hesab edir ki, ilin sonuna qədər fərmanın icrası tam yekunlaşacaq: “Amma onu da qeyd edim ki, müəyyən yerlərdə hələ də nöqsanlar aşkar edilir. İş adamlarını mövcud nöqsanları aradan qaldırmağa səsləyirik”.

Qeyd edək ki, fərmanın imzalanmasından ötən 7 ay ərzində cəmi 59 binaya istismar icazəsinin verilməsi göstərir ki, proses kifayət qədər ləng gedir. Bu ləngimənin kökündə isə xeyli sayda binada kobud pozuntuların olmasıdır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sektor müdiri Bəxtiyar Tağıyevin APA-ya bildirdiyinə görə, Azərbaycanda istismarına icazə verilmədən insanların məskunlaşdığı çoxmənzilli yaşayış binalarının və yaxud da komplekslərin sayı 470-dir. Bunun 413-ü Bakı ərazisində, qalan 57 bina isə Abşeron rayonunda, Sumqayıt, Gəncə, Lənkəran və Mingəçevir şəhərlərindədir. İndiyədək Fövqəladə Hallar Nazirliyi tərəfindən 85 binanın-kompleksin istismara qəbul edilməsi ilə bağlı müsbət rəy verilib.

FHN rəsmisi sənədsiz binalardakı problemləri də sadalayıb: “Bəzi hallarda yaşayış binalarını inşa edən iş adamları öz öhdəliklərini sakinlər qarşısında tam olaraq yerinə yetirməyiblər. Digər tərəfdən, onu qeyd etməliyəm ki, bir sıra kooperativ yaşayış binalarının bu gün sahibləri yoxdur. Müəssisə ləğv edilib, bina sahibləri vəfat edib. Nəticə etibarı ilə binada yaşayan sakinlər problemlərlə üzbəüz qalıblar. İkinci tərəfdən, Fövqəladə Hallar Nazirliyi yaradılmamışdan əvvəl tikintisi aparılmış binalarda, bir çox halda, sənədləşmə ilə bağlı problemlər qalmaqdadır. Bu günə olan məlumata əsasən, 350-yə yaxın yaşayış binasında çatışmazlıqlar qalmaqdadır. Təqribən 200-ə yaxın bina yanğın təhlükəsizliyi tələblərinə cavab vermir. Bu binalarda yanğın təhlükəsizliyi qaydalarına tam və yaxud qismən riayət olunmayıb. Qeyri-yaşayış sahələrində də müvafiq təhlükəsizlik tədbirləri görülməyib. Bildiyiniz kimi, çoxmənzilli yaşayış binalarının böyük əksəriyyətinin zirzəmi hissələrində avtodayanacaqlar yerləşir. Avtodayanacaqlar da potensial təhlükə mənbəyidir. Təsəvvür edin, avtodayanacaqda saxlanılan avtomobillərin birində yanğın baş versə, nələr baş verə bilər. Bunun üçün yanğın təhlükəsizliyi baxımından müvafiq tədbirlər həyata keçirilməli, yanğınsöndürmə, siqnalizasiya, tüstü sovurma sistemləri quraşdırılmalıdır. Binalar tikilib, iş adamı mənzilləri satıb, öz gəlirini götürüb və insanlar mənzillərdə məskunlaşsalar da, problemlər öz həllini tapmayıb”.

B.Tağıyevin dediyinə görə, bundan əlavə, 70-ə yaxın binanın dayanıqlığının təsdiqi ilə bağlı zəruri sənədləşmə işi aparılır: “Ola bilsin ki, onların bir hissəsində əlavə gücləndirmə işlərinin aparılması zəruri hesab edilsin. Bu sonda bilinəcək. Bu sahədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bütün imkanlarını səfərbər edib. Nöqsanlar aradan qaldırıldıqca, istismarına icazə verilən binaların sayı artmaqdadır. Fərmanın icrasına başlanıldığı andan bu günə kimi xeyli irəliləyiş əldə olunub, çatışmazlıqların sayı kəskin azalıb. Məsələn, fərmanın icra olunduğu ilk aylarda yanğın təhlükəsizliyi ilə bağlı 50 binaya müsbət rəy verilmişdisə, bu gün 250-dən artıq binaya yanğın təhlükəsizliyi ilə bağlı müsbət rəy verilib. Liftlərlə də bağlı kifayət qədər problemlər mövcuddur. Respublika üzrə 41 binada 200-dən artıq lift yoxdur, yəni quraşdırılmayıb. Məlum məsələdir ki, liftlərin quraşdırılması kifayət qədər vəsait tələb edir. Bəzi sahibi olmayan binalarda bu problemin aradan qaldırılması sakinlərin imkanları xaricindədir. Bu məsələ açıq olaraq qalmaqdadır. Məsələnin həlli üçün bir neçə variant nəzərdən keçirilir”.

FHN yetkilisinin verdiyi məlumata görə, “Azərişıq” ASC üzrə 40 binada, “Azəriqaz” İstehsalat Birliyi üzrə 77 binada, “Azərsu” ASC üzrə isə 47 binada problemlər hələ öz həllini tapmayıb: “Nöqsanların qaldığı binaların sahiblərindən xahiş edərdim ki, fərmandan istifadə etsinlər. Bu, nöqsanları aradan qaldırmaq üçün onlara verilmiş şansdır. Fərmanın icrası başa çatandan sonra məsuliyyət onların üzərində qalacaq. Hamı bilir ki, hansı binanı kim tikib və orada hansı problemlər mövcuddur. Heç kəs düşünməsin ki, sifarişçisi, sahibi olan binaların problemlərini dövlət öz üzərinə götürəcək”.

Göründüyü kimi, fərmanın əhatə dairəsinə düşməsi mümkün olmayan binaların sayı kifayət qədərdir. Bu isə həmin binaların fərmanın icra müddətində sənədləşdirilməyəcəyi təhlükəsini yaradır. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının “Yeni Müsavat”a bildirdiyinə görə, FHN rəsmisinin qeyd etdiyi nöqsanlar hazırda prezidentin fərmanının icrasına ciddi problemlər yaradır: “Belə problemlər var və onlara görə fərmanın icrasında çətinliklər yaranıb. Fərmanda Fövqəladə Hallar Nazirliyinə qəzalı və ciddi problemləri olmayan binalara rəy vermək tapşırılıb. Bu gün məlum olur ki, paytaxtda xeyli sayda binada yanğın təhlükəsizliyi ilə bağlı problemlər var. O problemlərin aradan qaldırılması isə bir sıra səbəblərdən mümkün deyil: ya binanı tikən MTK artıq mövcud deyil, ya da problemləri aradan qaldırmaq gücü yoxdur. Bu cür problemlərin yaranmasında əlaqədar dövlət qurumlarının da məsuliyyəti var, çünki tikilən binalara vaxtında normal nəzarət olunmayıb. Elə MTK var ki, 15 il əvvəl binanı tikib, kvadratmetrini 250-300 manatdan satıb. İndi o binada yanğın təhlükəsizliyi üçün zəruri olan infrastrukturun qurulması üçün vaxtilə binadakı mənzillərin satışından əldə olunandan daha çox vəsait tələb olunur. Bütün bunlar çox təəssüflər olsun ki, cənab prezidentin fərmanının icrasında problemlər yaradır”.

Bəs çıxış yolu nədir? Problemlərin aradan qaldırılması necə və kimin hesabına həyata keçirilməlidir? Ekspertin fikrincə, bu məsələyə dövlət tərəfindən dəstək verilməlidir: “Elə binalar var ki, MTK-lar tikib, mənzil sahiblərinə təhvil verib gedib. Yaxud binanı tikən şəxs vəfat edib, hazırda onun sahibi yoxdur. Belə binalarda problemlərin aradan qaldırılması dövlət tərəfindən maliyyələşdirilməlidir. Çünki sakinlərin belə maliyyə tutumu yüksək olan işləri həyata keçirmək imkanı yoxdur. MTK-ları mövcud olan, fəaliyyət göstərən binalardakı problemlərin sahibkarlar tərəfindən aradan qaldırılması tələb olunmalıdır. Elə MTK-lar var ki, prosesi uzatmağa, fərmanın icra müddətinin bitməsinə qədər hansısa iş görməməyə çalışırlar. Belə hallara qarşı dövlət qurumları sərt ölçü götürməli, MTK-ları məcbur etməlidilər ki, nöqsanları aradan qaldırsınlar”.

Oxşar xəbərlər