Həsən Ruhani: “Avropa ölkələrinə 60 gün möhlət vermişik”

Həsən Ruhani: “Avropa ölkələrinə 60 gün möhlət vermişik” “Əgər beş ölkə bəhanə axtararaq İranın işini BMT TŞ-yə çıxarmağa çalışsalar, bizim qətiyyətli cavabımızla üzləşəcəklər. ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bu gün ölkəsinin Hərtərəfli Birgə Fəaliyyət Planının bəzi tələblərini dayandırması ilə bağlı Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

H.Ruhani bildirib ki, sionizm və ABŞ-ın daxilindəki ifratçı qruplar bu ölkəyə sazişdən çıxması üçün təzyiq göstərdilər. “Nəticədə öz öhdəliklərini ayaq altına atdılar və sazişdən çıxdılar. ABŞ istəyirdi ki, İranı da sazişdən çıxartsın və işi BMT TŞ-yə aparsın, lakin İran bu tələyə düşmədi və ABŞ-ın meydanında oynamadı. Avropa ölkələrindəki dostlarımız bizimlə birbaşa əlaqə yaratdılar və bizdən vaxt istədilər və biz onlara müsbət cavab verdik. Hərtərəfli Birgə Fəaliyyət Planının 26 və 36-cı maddələrini rəhbər tutaraq bu sazişdə qalan ölkələrlə müzakirə apardıq”.

Avropa ölkələrinin ilk vaxtlar yaxşı mövqe sərgilədiyini bildirən H.Ruhani bildirib ki, həmin ölkələr əməldə gücsüz olub. “Mən öncəki müsahibələrimdə də bildirmişəm ki, avropalıların bir problemi var. Oda budur ki, onlar öz düşüncələrində ABŞ-ı kəndxuda bilir və bu düşüncə onların qətiyyətli qərar qəbul etməsinə mane olur. Bu gün bizim yolumuz müharibə yolu deyil, diplomatiya yoludur. Biz açıqladığımız bəyanatda Avropa ölkələrinə 60 gün möhlət vermişik. Əgər onlar bizim işi BMT TŞ-ə göndərsələr, biz onlara qətiyyətli cavab verəcəyik. Bu məsələni 5+1 ölkələrinin səfirlərinə ünvanladığımız məktubda qeyd etmişik. Bizim indi atdığımız addım Hərtərəfli Birgə Fəaliyyət Planının xilası üçündür. Əgər hakimiyyət və xalq bir olarsa və bir yolda hərəkət edərsə, dünya İran xalqının mesajını düzgün və yaxşı anlayacaq. Biz öhdəlikləri pozan və müharibəni başladan ilk tərəf olmayacağıq, lakin heç kəs qarşısında da təslim olmayacağıq, hər bir təcavüzkara layiqli cavabı verəcəyik”.

Oxşar xəbərlər