“Vaxtilə küçədən gəlib prezident olan adamlar torpaqları satıb. Biz isə sülh yolu ilə qaytaracayıq, yoxsa...” – Millət vəkili

“Vaxtilə küçədən gəlib prezident olan adamlar torpaqları satıb. Biz isə sülh yolu ilə qaytaracayıq, yoxsa...” – Millət vəkili Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Ermənistanın yeni baş naziri Nikol Paşinyana sərt cavab verib.
Ə.Hüseynov ölkə.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyan küçədən gələn dövlət başçısı olduğu üçün hakimiyyətdə uzun müddət qala bilməyəcək:
“Vaxtilə bizdə də küçədən gələn adamlar prezident və nazir olmuşdular. Ancaq onların müddəti cəmi 10 ay çəkdi. Torpaqlarımızı da onlar verdilər. Onlar torpaq ala bilmədilər. Bəzən Nikol Paşinyanın sayıqlamaları ciddi məsələ kimi başa düşülür. Əslində, Paşinyanın gicləməyi torpaqlarımızın qayıdacağından xəbər verir. Allahın köməyi ilə biz torpaqları işğaldan azad edəcəyik. Paşinyanın oğlunun Qarabağa göndərilməsi məsələsinə gəldikdə isə erməni tərəfi əmin olsun ki, biz düşmənə belə gizlincə güllə atan deyilik. Düşməni üzbəüz mübarizədə məğlub edən millətik. Allahın köməyi ilə Milli Ordumuz Ali Baş Komandanın əmri ilə qələbə qazanacaq. Buna Paşinyan da gözləri ilə şahid olacaq”.
Deputat deyib ki, Azərbaycan Milli Ordusu bu gün dünyanın 50 ən güclü ordusundan biridir:
“Bunu cənab prezidentimiz də hər zaman bəyan edir. 2016-cı ilin aprel döyüşlərində də biz bir daha ordumuzun gücünü, qüdrətini gördük. Sadəcə olaraq hələlik biz insan qırğınına yol verməmək, analarımızı, bacılarımızı, gəlinlərimizi gözü yaşlı qoymamaq üçün sülh yolunu seçmişik. Biz bu mövqeyi dünyaya da sübut etmişik. Dünya birliyi bizim bu mövqeyimizi başa düşdüyü üçün Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bütün bunları əldə etmək bir günün, bir ilin işi deyil. Ona görə də Allah prezidentimizə can sağlığı versin, gec-tez öz torpaqlarımızı düşmən işğalından azad edəcəyik. Hazırda başda nazirimiz olmaqla bütün zabit və əsgər heyəti Ali Baş Komandanın əmrini gözləyir. Ordumuz istənilən an müharibə edib torpaqları işğaldan azad etməyə qadirdir. Hələlik sülh yoluna ümid edirik. Əgər sülh yolu alınmasa, o zaman Ali Baş Komandanın əmri ilə sözü Milli Ordu deyəcək”.

Oxşar xəbərlər