“Rus generallardan bir şüşə arağa hərbi texnika alırdım” — Rəhim Qazıyevdən ŞOK AÇIQLAMA

“Rus generallardan bir şüşə arağa hərbi texnika alırdım” — Rəhim Qazıyevdən ŞOK AÇIQLAMA “Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, erməni xalqı sülh yolu ilə torpaqları geri qaytarmayacaq”.
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev Nikol Paşinyanın Ermənistanın yeni Baş naziri seçilməsinə münasibət bildirərkən deyib.

R.Qazıyev bildirib ki, bu gün Azərbaycan ordusunun torpaqları tez bir zamanda erməni işğalından azad etməyə gücü var:
“Biz gözləməməliyik ki, Ermənistan nə vaxtsa sülhə razılıq verəcək. Azərbaycanın Ali Baş Komandanı, prezident İlham Əliyev ordumuzun səfərbər olması üçün əmr verməlidir. Bunun üçün Azərbaycan dövlətinin kifayət qədər gücü və nüfuzu var”.

Sabiq nazir qeyd edib ki, əgər Azərbaycan müharibəyə başlayıb torpaqlarını işğaldan azad etsə, Rusiya heç bir açıq müdaxilə etməyəcək:
“Rusiyanı məndən yaxşı tanıyan olmaz. Hər bir dövlətin öz danışıq dili olur. Biz 200 il rus xalqı ilə yanaşı yaşamışıq. Ona görə də rusun dilini biz daha yaxşı bilirik. Mən müdafiə naziri olanda rus generallardan bir şüşə arağa silah, hərbi texnika alırdım. Yəni, Rusiya ilə razılığa gəlmək mümkündür. Digər tərəfdən isə Azərbaycan torpaqları uğrunda hərbi əməliyyatlara başlasa, Rusiya heç bir şəkildə Ermənistanı açıq müdafiə etməyəcək. Bunun da öz səbəbləri var. Birincisi, Ermənistandan daha çox Rusiyaya Azərbaycan lazımdır. Ona görə də Rusiya seçim qarşısında qalsa, Azərbaycana üstünlük verəcək”.

R.Qazıyev Azərbaycan Ali Baş Komandanı tərəfindən müharibə əmri verildiyi təqdirdə müxalifətçiliyi kənara qoyub dövlətin yanında olacağını söyləyib:
“Ali Baş Komandan İlham Əliyev günü bu gün müharibə əmri versin, şəxsən mən ən öndə gedib döyüşməyə, əsgərlərə yemək bişirməyə hazıram. Təki torapqlarımız işğaldan azad edilsin. Tam əminəm ki, belə vəziyyətdə digər müxalifət nümayəndələri də dövlətin yanında olacaq”.

Oxşar xəbərlər