Mərkəzi Neftçilər Xəstəxanası daim irəlidədir

Mərkəzi Neftçilər Xəstəxanası daim irəlidədir 1956-cı ildə “Azneft” İB-nin nəzdindəki tibb şöbəsinin əsasında neft kəşfiyyatçıları üçün dünyada analoqu olmayan xəstəxana yaradıldı. O, bir vaxtlar ikicə kiçik otağa sığırdı, indi isə ölkənin ən önəmli şəfa ocaqlarından birinə çevrilib. Bu 61 yaşlı qocaman səhiyyə müəssisəsi hazırda dünya tibb sənayesinin ən yeni nailiyyəti olan müasir avadanlıq və cihazlarla təchiz edilmiş, insanlara layiqincə xidmət göstərən, peşəkarların çalışdığı çoxprofilli, modern klinikadır.
Söhbət Azərbaycanın səhiyyə tarixində önəmli yeri olan Mərkəzi Neftçilər Xəstəxanasından (MNX) gedir.



Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova -Biz hər zaman çalışırıq ki, xəstəxanamıza müraciət edən hər kəs bizdən razı getsin. Tutduğu vəzifədən asılı olmayaraq, müəssisəmizin işçi heyətinin məramı budur. Bizə üz tutan hər pasiyent həssas münasibət və peşəkar diqqətlə əhatə olunur. Dünyanın aparıcı klinikalarının da təcrübəsi göstərir ki, pasiyentlərə hərtərəfli qayğı normaya çevrilirsə, bu, uğur gətirir. Uğurlar da inkişafın hərəkətverici qüvvəsidir. Bu yanaşmanın bəhrəsi isə klinikanın yüksək peşəkar tibb müəssisəsi nüfuzunu qazanmasıdır ki, bu da hökmən özünü insanlarımızın sağlamlığında və MNX-nın hər bir fərdinin maddi rifahının yüksəlməsində büruzə verir. Ümumiyyətlə, tibbi xidmət sənətində xırda, əhəmiyyətsiz məqam yoxdur, ən kiçik diqqət nümunəsi belə, böyük uğurların açarına çevrilə bilir.
Sevindirici haldır ki, son illər xəstəxanamızda bir sıra mütərəqqi ənənələr də formalaşıb. Bunlardan biri “xəstə həkimə doğru” formulundan “həkim xəstəyə doğru” formuluna keçiddir. Məhz həmin ənənə çərçivəsində həkimlərimiz briqada şəklində Azərbaycanın müxtəlif bölgələrində olur, orada mürəkkəb cərrahi əməliyyatlar yerinə yetirirlər. İndiyədək mütəxəssislərimiz Lənkəran, Astara, Qəbələ və digər bölgələrdə neçə-neçə böyrəkköçürmə və açıq ürək əməliyyatlarını uğurla aparıblar. MNX-nın həkim briqadası ildə bir dəfə Naxçıvanda olur və orada kifayət qədər mürəkkəb əməliyyatlar kecirir.
Daha bir ənənəmiz ümumxalq bayramlarında, əlamətdar günlərdə pulsuz xidmət aksiyalarıdır. Xəstəxanamızın təsərrüfat hesablı müəssisə olmasına baxmayaraq, belə tədbirləri genişləndirməyə çalışırıq. Bu aksiyalar barədə əvvəlcədən televiziyada elan verilir. Həmin günlərdə xəstəxanaya çoxsaylı vətəndaşlar müraciət edir və biz də onların hamısına kömək üçün əlimizdən gələni əsirgəmirik.
Diqqətəlayiq haldır ki, xəstəxanamıza MDB ölkələrindən, digər yaxın xarici dövlətlərdən müraciətlər davam edir. Son vaxtlar Gürcüstandan, Qazaxıstandan gəlmiş pasiyentlərin əməliyyatını müvəffəqiyyətlə həyata keçirmişik.
Ölkəmizdə ürək cərrahiyyəsinin pionerlərindən olan MNX-nın kardiocərrahlarının yüksək peşəkarlığı hər kəsə məlumdur. Uşaq ürək cərrahiyyəsi sahəsində də xəstəxanamız Azərbaycanın öndə gedən tibb ocaqlarındandır. Eyni zamanda, klinikamızın bizi daim qürurlandıran orqan transplantasiyası şöbəsi də yarandığı gündən uğurla fəaliyyət göstərir. İndiyədək burada 300-ə qədər böyrək və 100-ə qədər qaraciyər köçürülüb.
Hazırda Azərbaycanda icra olunan xroniki böyrək çatışmazlığı üzrə proqramın böyrəkköçürmə ilə bağlı bəndləri əsas etibarilə MNX-da həyata keçirilir. Hemodializə gəlincə, on il bundan əvvəl ölkəmizdə cəmi iki-üç yerdə dializ mərkəzi var idisə, Prezident İlham Əliyevin səhiyyəmizin inkişafına daimi qayğısı sayəsində bu gün belə mərkəzlərin sayı onlarladır. Xəstəxanamızda da Hemodializ şöbəsi artıq neçə ildir uğurla fəaliyyət göstərir. Burada hazırda təqaüddə olan neftçilərimiz və haqqında danışdığım Dövlət Proqramı üzrə daxil olan xəstələr vaxtaşırı müalicə alırlar.

Bildiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, tezliklə bütün ölkə əhalisinin tibbi sığorta sistemi üzrə müayinə və müalicəsinə başlanacaq. Bu, insanların öz sağlamlıqlarına həssas yanaşmaları ilə yanaşı, bütövlükdə səhiyyəmizin daha sürətli inkişafına yol açacaq. Belə ki, həkimə getmək üçün maddi qayğısı olmayan şəxslər keyfiyyətli müalicə üçün həkimlərini də özləri seçə biləcəklər. Nəticədə, bacarıqlı, hazırlıqlı həkimlərə tələbat daha da artacaq, sağlam rəqabət güclənəcək. Müayinə və müalicə işində əsas meyar həkimin peşəkarlığı, klinikanın bundan qaynaqlanan nüfuzu olacaq.

Arzum budur ki, heç kəs xəstələnməsin. Amma təəssuf ki, həmişə belə olmur. Həyat varsa, xəstəlik də, xəstələnmə təhlükəsi də mövcuddur. İstəyirəm ki, Allah hamıya, hər kəsin ailəsinə, doğmalarına sağlam keçən uzun ömür bəxş etsin.

Oxşar xəbərlər