Hökumət universitetləri birləşdirə bilər - Böhrandan çıxış yolu

Hökumət universitetləri birləşdirə bilər - Böhrandan çıxış yolu Ölkədə iqtisadi böhranın olduğu bir şəraitdə universitetlərin birləşdirilməsi məsələsi də gündəmə gətirilib. Büdcə xərclərinə qənaət etmək üçün eyni profilli bir sıra ali təhsil müəssələri, yaxud da fakültələrinin birləşdirilməsi mümkün görünür

Təhsil üzrə ekspert Şahlar Əsgərov cebhe.info-ya açıqlamasındauniversitetlərin birləşdirilməsinin məqsədəuyğun olmadığını deyib:

“Universitetlərin mexaniki olaraq birləşdirilməsi düzgün deyil. Bu, çıxış yolu deyil. Universitetləri birləşdirməkdənsə, onların daha da genişlənməsinə, abituriyentlərin böyük əksəriyyətinin təhsil almasına imkan yaradılması yaxşı olardı. Məsələn, Bakı Dövlət Universitetinin böyüməsi üçün hansısa ali təhsil ocağını ona birləşdirməyə ehtiyac yoxdur. Yaxşı olar ki, universitetin daxili imkanları hesabına onun tələbələrinin sayı artırılsın. Tələbələrin sayı artarsa, bir tələbəyə düşən xərclər azalmış olacaq. Nəticədə dərsin effektivliyi artacaq”.

Təhsil eksperti Əjdər Ağayevin sözlərinə görə isə, mövcud vəziyyət nəzərə alınaraq qərar verilməlidir: “Universitetin birləşdirilməsinə zərurətin olub-olmamasını hökumət müəyyənləşdirir, ictimai fikrin bu sahəyə heç bir təsiri yoxdur. Dövlət strategiya, maddi imkanlar, təhsil siyasətinə diqqət yetirərək belə bir qərar verir. Düşünürəm ki, universitetlərin birləşdirilməsi məsələsi bu gün üçün aktual deyil”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə belə düşünür ki, ali məktəblərlə bağlı hökumətin siyasətinə yenidən baxılmasına ehtiyac var. Ali məktəbdə təhsil keyfiyyəti müzakirə olunmalı, indiki iqtisadi vəziyyətə uyğun olaraq müətəxəssislərin yetişdirilməsinə şərait yaradılmalıdır: “ Universitetlərin birləşdirilməsi ilə yanaşı paytaxtdan kənarda universitet şəhərciklərinin yaradılması yenidən gündəmə gətirilə bilər. Əlbəttə, bu məsələ regionların inkişafına da şərait yarada bilər. Nəticədə, böyük şəhərciklərin yaradılması regionların iqtisadiyyatana da ciddi təsir edə bilər. Hansı universitetlərin birləşdirilməsinə mütəxəssislər qərar verə bilər. Tələbat az olan, müxtəlif universitetlərdə tədris olunan fakültələrin birləşdirilməsi mümkündür ”.

İqtisadçının sözlərinə görə, xarici universitetlərin filiallarının açılması da müsbət hal ola bilər. Vaxtilə Sinqapur, Cənubi Koreyada bu ənənə özünü doğruldub: “Bu ölkələr xarici universitetlərin filiallarının yaradılması üçün onlara vergi, kommunal güzəştlər etdi. Bu cür universitetlərin filiallarının regionlarda açılması daha gözəl olardı. Bu problemə kompleks şəkildə yanaşmaq lazımdır. Hansısa universitetlərin birləşdirilməsi vəziyyətdən çıxış yolu deyil. Kompleks şəkildə ciddi qərarlar verilməli, bu qərarların yerinə yetirilməsinə nəzarət mexanizmi olmalıdır. Ali təhsilli şəxslər Azərbaycanın gələcəkdə də bu cür iqtisadi böhranların girdabına düşməməsi üçün ən gözəl mütəxəssislərdir, onların sayının artmasına ehtiyac var”.

N.Cəfərli qeyd edib ki, universitetlərin birləşdirilməsinə yalnız hökumət qərar verə bilər: “Yalnız büdcə xərclərinə qənaət nöqteyi-nəzərindən bu planı reallaşdırmaq olar. Reytinqi az universitetləri daha reytinqli ali təhsil ocaqlarına birləşdirmək olar. Təhsil üzrə mütəxəssislərin bununla bağlı konsepsiya hazırlamasına ehtiyac var”.

Oxşar xəbərlər