Ya davam, ya tamam — "Qarabağ"ın son şansı

Ya davam, ya tamam — Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin son oyunları baş tutacaq.

Bu gün yarışdakı hər iki təmsilçimiz son döyüşə çıxacaq. Son turda əsas diqqətlər "Qarabağ"ın üzərinə yönəlib.

Ağdamlılar İtaliyanın “Fiorentina” klubunu qəbul edəcəklər. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Qurban Qurbanovun yetirmələri 1/16 final şansını qoruduğundan Tofiq Bəhramov adına Respublika stadionunda növbəti dəfə anşlaq qeydə alınması gözlənilir.

Vəzifənin öhdəsindən gəlmək çətin olsa da, mümkünsüz deyil. Doğrudur ki, səfərdə 1:5 hesabı ilə darmadağın olduğu Florensiya təmsilçisindən qisas almaq asan olmayacaq. Lakin hətta cəzalı Miçel və Maksim Medvedevin yoxluğunda da “Böyük beşlik” təmsilçisi üzərində qələbə çətin olduğu qədər də zəruridir.

Çünki bu nəticə “Qarabağ”ı 1/16 finala daşıyacaq. Təmsilçimizin tutacağı yer isə PAOK – “Slovan” görüşündən asılı olacaq. Ağdam klubu 1 xalla da mərhələ keçə bilər. Bunun üçün Yunanıstanda meydan sahibləri qələbə qazanmamalıdır. Cari mövsüm evdə uduzmayan əyalət klubunun üstünlüyü isə daha güclü çempionatda çıxış edən “Fiorentina”nın A seriyasında daha çox güc sərf etməsi və məhz daxili yarışa diqqət ayırmasıdır.

Digər təmsilçimiz “Qəbələ” də mövsümdəki son görüşünə çıxacaq.

“Qırmızı-qaralar” səfərdə “Maynts”la qarşılaşacaqlar. Komandamızın bu oyunu formal xarakter daşıyır.

Həm ev sahibləri, həm də qonaqların qrupda qaldığı rəsmiləşdiyindən rəqiblər azarkeşlərini sevindirmək üçün meydana çıxacaqlar.

Oxşar xəbərlər