Telekanallarda insanların sağlamlığını pozan savadsız həkimlər...

Telekanallarda insanların sağlamlığını pozan savadsız həkimlər... Müasir dövrümüzün ən ciddi problemlərindən biri də səhiyyə və öz işini bilməyən, ixtisaslı olmadan insanların həyatı ilə oynayan həkimlərdir.

Əlbəttə, ölkəmizdə kifayət qədər savadlı həkimlər var. Lakin təəsssüflər olsun ki, son illərdə Azərbaycanda xeyli sayda savadsız həkim özünə maraqlı bir çıxış yolu tapıb; hansısa yolla telekanallara çıxıb veriliş açır və son nəticədə insanların həyatı ilə oynayırlar. Xüsusi ilə də onlar guya xaricdə kurslar keçdiyini deməklə insanları özlərinə cəlb edirlər. Gerçəklikdə isə əksərinin savadsızlığı bir faktdır.

Əlbəttə, vətəndaşların tibbi maarifləndirilməsi üçün sağlamlıq verilişlərinin olması müsbət haldır. Lakin çox zaman biz onun şahidi oluruq ki, bu verilişlərə savadlı, tibb sahəsində sözünü demiş şəxslər deyil, heç bir nailiyyəti olmayan həkimlər çıxarılır.

Dəqiqləşdirmələrimiz zamanı isə bəlli olub ki, telekanallarda sağlamlıq verilişlərinin əksərində çıxış etmək üçün savadsız həkimlər pulla, tapşırıqla öz reklamlarını aparırlar. Həmçinin, onlar əməkdaşlıq etdikləri dərman firmalarının təbliğatını aparmaqla, vətəndaşların sağlamlığını deyil, öz mənfəətlərini güdürlər.

Ekspertlər hesab edir ki, telekanallarda bu məsələyə diqqət yetirilməli və reklam məqsədi güdən həkimlər efirdən uzaqlaşdırılmalıdır.

Ən absurdu isə odur ki, telekanallarda həkimlər ekspert kimi deyil, veriliş aparıcısı kimi çıxış edirlər. Bu, əslində media siyasətinə tam zidd olan bir məsələdir. Həkim bu tipli verilişlərdə efirə yalnız ekspert qismində çıxarıla bilər. İnsanların sağlamlığının qorunmasına hesablanmış bir verilişin isə məhz özünün piarını aparmağa çalışan həkimin tam ixtiyarına vermək həm tibb, həm də media qaydalarına sığışmır.

Ən ciddi problem isə son zamanlar efirə çıxarılan həkimlərin insanları kor-təbii şəkildə artıqlatmaq və ya kökəltmək kimi təbliğat aparmalarıdır. Bu, bir növ "qara biznes”ə çevrilib.

Son vaxtlar telekanallarda kor-təbii diyetologiya ilə məşğul olunması tendensiyası yaranıb.

Hazırda "Lider”də, "Space”də, "Xəzər”də belə verilişlər var.

Nəzərə alsaq ki, xalqın tibbi problemləri çoxdur, həkimə getməyə isə bir çoxları imkan tapmır, o zaman belə verilişlərə təbii olaraq da insanların marağı yüksək olur. Lakin təəssüf ki, vətəndaşlar da belə verilişlərdə düzgün istiqamətləndirilə bilməyəcək. Çünki burada həkimin birbaşa özünün və əməkdaşlıq etdiyi dərman firmalarının marağını güddüyü şübhə doğura bilməz.

Konkret olaraq "Xəzər” TV-nin efirində yayımlanan "Həkim işi” verilişindən vətəndaşların ciddi narazılıqları var.

Redaksiyamıza müraciət edən bir vətəndaş deyir ki, "Həkim işi”nin aparıcısı əhalinin tibbi maarifləndirilməsi ilə deyil, özünün guya peşəkar diyetoloq olması fikiriniformalaşdırmaq istəyir:

"Biz vətəndaşlar onsuz da səhiyyənin savadsız həkimlərindən bezmişik. Sağlamlıq verilişində isə insanlara kor-təbii şəkildə arıqlamaq tövsiyə olunur.

Verilişin aparıcısı Tutu Zeynalova özünü diyetoloq kimi təqdim edir.

Biz onun qəbuluna getmək istədik, amma öncə araşdırdıq ki, bu həkim kimdir, nəçidir, bu ixtisasın sahibidirmi?

Məlum oldu ki, Tutu xanım 2011-ci ilədək sadəcə anestezioloq kimi çalışıb. Bəzi klinikaların isə meneceri olub. Bəllidir ki, anesteziologiya sahəsinə nisbətən yaxşı oxumayan, müalicə işini mükəmməl qavraya bilməyən həkimləri yönəldirlər. Söz yox ki, iddia etmiriik ki, sahəsini bilmir. Lakin diyetologiya tam ayrı və dərin biliklər tələb edən sahədir. İnsanları televiziya vasitəsi ilə piar aparıb sağlamlıqları ilə oynamaq olmaz. Dövlət buna yol verməməlidir.

Çox qəribədir ki, indi də insanların başında dietologiya dərsi keçirlər. Nə məsələdirsə bu həkimi öz verilişindən başqa bu günlərdə televiziyada "Nəsib olsa” verilişinə də dəvət etmişdilər. Orada suyun faydalarından danışır və deyir ki, mən insanları sulayıram. Məgər bizim insanlar atdır onları sulayır? İnsanların sağlamlığı və heysiyyatı ilə oynayan həkimləri efirdən uzaqlaşdırmaq lazımdır”.

Güman edirik ki, Səhiyyə Nazirliyi, MTRŞ bu məsələyə biganə qalmayacaq. (mia.az)

Oxşar xəbərlər