Azərbaycan-İtalya münasibətləri yeni mərhələdə

Azərbaycan-İtalya münasibətləri yeni mərhələdə Azərbaycan ilə İtaliya arasında münasibətlərin tarixi çox qədimdir. İtaliya Azərbaycanın Avropada uzun illər ərzində diplomatik əlaqələr saxladığı ölkələrdən biridir. Ötən dövrdə ölkələrimiz arasında bütün sahələrdə inkişaf nəzərə çarpır. İki ölkə arasında rəsmi münasibətlərin 1992-ci ildən başlanması və uzun müddət ərzində uğurla inkişaf etməsi tərəflərin bir-birinə verdiyi böyük dəyər və hörmətin nəticəsidir. Ölkələrimiz arasında həm iqtisadi, həm də siyasi baxımdan çox yaxşı münasibətlər var. Parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Dövlətlərimiz arasında neft və qeyri-neft sektorunda çox yaxşı münasibətlər qurulub. İkitərəfli münasibətlərin geniş hüquqi bazaya malik olması əlaqələrin sürətlə inkişaf etməsinə münbit şərait yaradır. İtaliya tarixə qovuşan Qarabağ məsələsində də daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Hətta İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul edib. Həmin qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, keçmiş Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb.
Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başladı. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı və çıxışı, həmçinin 2024-cü ilin iyununda İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təqdim olunması və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır və İtaliya Prezidenti Sercio Mattarellanın səfəri strateji tərəfdaşlığa əsaslanan əlaqələrimizi daha da möhkəmləndirəcək.

Altun İbrahimov – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər