
Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan beynəlxalq münasibətlər sisteminin aktorları Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, ölkəmizlə müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər. Tarixi Zəfərimizdən sonra Azərbaycanın müxtəlif ölkələrlə istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin yeni istiqamətlər üzrə inkişafı diqqətdən kənarda qalmır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir. Azərbaycan-İtaliya münasibətlərinin yüksələn xətlə inkişafı da bunun bariz nümunəsidir. İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Azərbaycan–İtaliya əməkdaşlığı saf münasibətlərə, qarşılıqlı hörmətə və etimada əsaslanır və uzunömürlüdür. Çünki bu münasibətlərin əsasında iki dost dövlətin sülhə, əminamanlığa, inkişafa yönəldilən səyləri durur.
İtaliya ilə neft, qaz, turizm, iqtisadiyyat, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi iki dövlətin milli maraqlarına xidmət etməklə gələcək inkişafa yeni imkanlar yaradır. Bu dövlət rəhbərlərinin keçirdikləri görüşlərdə, eləcə də Bakıda İtaliya- Azərbaycan Universitetinin açılışında dəfələrlə səsləndirildi. Cənab İlham Əliyev açılış çıxışında bildirdi ki, “İtaliya Azərbaycanla artıq uzun illər strateji tərəfdaşlıq əsasında münasibətlər qurmuşdur. Biz, sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda bizim əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur.
Azərbaycan Prezidentinin söylədiklərinə İtaliya-Azərbaycan Universiteti bir nümunədir. Energetika, sənaye, iqtisadiyyat, mədəniyyət sahələrini əhatə edən əməkdaşlıq təhsil sahəsini özündə birləşdirməklə əməkdaşlığa yeni vüsət verir. Azərbaycan İtaliya bazarında qaz təchizatına görə ikinci, neft təchizatına görə birinci yerdə olduğu kimi təhsil sahəsində də öncül yerlərə nail olacağı şübhəsizdir.
Dövlətimizin rəhbərinin söylədiyi kimi “Uzunmüddətli dayanıqlı inkişaf məhz biliyin, texnologiyanın , təhsilin səviyyəsinin üzərində qurulur”. Bu baxımdan İtaliya-Azərbaycan Universitetinin açılışı gələcək əməkdaşlığımız, təhsilimizin inkişafı, dostluğumuzun möhkəmlənməsi yolunda yeni imkanlar yaradır və bu təqdirəlayiqdir.
Vüqar Musayev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi