Ermənistan silah bazarını böyüdür - yeni təhlükə, yoxsa?

Ermənistan silah bazarını böyüdür - yeni təhlükə, yoxsa? İlham İsmayıl: “Paşinyan hesab edir ki, prioritet sülh müqaviləsinin imzalanmasıdır”
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin silah tədarükü imkanlarının artdığını açıqlayıb. Musavat.com xəbər verir ki, o bildirib ki, əvvəllər Ermənistan üçün silah bazarları həm coğrafi, həm də maliyyə baxımından məhdud idi. Lakin indi bu məhdudiyyətlər aradan qaldırılıb: “Heç bir ölkə bizimlə hərbi-texniki əməkdaşlıq edərkən narahat deyil ki, bu silahlar legitim olmayan məqsədlər üçün istifadə olunacaq”.

Paşinyan qeyd edib ki, Qarabağa iddialardan imtina etmək nəticəsində ölkəyə silah tədarükü imkanları artır. Paşinyan bu sözləri təhlükəsizlik konfransında deyib. Qeyd olunur ki, 2022-2023-cü illərdə Ermənistan Hindistanla 1,5 milyard dollardan çox, Fransa ilə isə 250 milyon dollarlıq müdafiə müqavilələri imzalayıb. İrəvan Rusiya ilə sonuncu müdafiə sazişini hələ 2021-ci ildə bağlayıb. Üstəlik, o, hələ də tam icra olunmayıb. Ermənistan Hindistandan 214 mm-lik “Pinaka” reaktiv yaylım atəşi sistemləri, 155 mm-lik ATAGS artilleriya qurğuları, ZADS pilotsuz uçuş sistemləri, “Akaş-1S” hava hücumundan müdafiə sistemləri və “Konkurs” tank əleyhinə raket kompleksləri alıb.

İrəvan həmçinin Fransadan üç GroundMaster 200 radarı, Mistral 3 portativ zenit-raket kompleksləri və SEZAR özüyeriyən artilleriya qurğuları sifariş edib.

Ermənistan Azərbaycanla sülh sazişini imzalayıb. İndi yekun sənədin imzalanması qalıb. Bölgədə genişmiqyaslı müharibə gözlənilmir. Ermənistanın digər qonşuları ilə hər hansı problemi də yoxdur ki, hərbi eskalasiya riski yaransın. Hətta Türkiyə ilə normallaşma prosesi sürətlənib. Belə olan halda Paşinyanın ordu üçün silah tədarükü bazarını genişləndirməsi suallar yaradır.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, Nikol Paşinyan Ermənistanın silah tədarükünün imkanlarını artırsa da, buna xüsusi diqqət yetirmir. Onun sözlərinə görə, Paşinyan təhlükəsizliyin əsas qarantının sülh olduğu qənaətindədir: “O qeyd edir ki, ordu nəinki ölkənin bir nömrəli, hətta beş nömrəli təhlükəsizliyi belə deyil. Əsas təhlükəsizlik sülhdür. Əksinə, Paşinyan silahlanmanın prioritet olmamasına çalışır. Paşinyan hesab edir ki, Ermənistan üçün prioritet sülh müqaviləsinin imzalanmasıdır. O özü də qeyd edir ki, Ermənistan silah tədarükünü nə qədər genişləndirsə də, bu sahədə Azərbaycanla bərabər səviyyədə olmaq mümkün deyil. Bu baxımdan Paşinyan, sadəcə, silah tədarükü imkanlarının olduğunu qeyd edir, amma məhz bu istiqamətdə işlər görəcəyini xüsusi qeyd etmir. Əksinə, 2026-cı il büdcəsində əvvəlki illərdən fərqli olaraq silahlanma üçün ayrılan maliyyə vəsaitini azaldır. Hesab edirəm ki, Paşinyan silah tədarükünün artırılmasından daha çox, sülhün yaradılmasını istəyir”.

Oxşar xəbərlər