Ermənistana casusluğa görə İqbal Əbilova - 18 il həbs

Ermənistana casusluğa görə İqbal Əbilova - 18 il həbs Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə ittiham olunan İqbal Əbilovun məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məhkəmə belə qənaətə gəlib ki, müttəhimə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.

Hökmə əsasən, İqbal Əbilov 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsində aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham irəli sürülüb.

Məlumatlarda deyilirdi ki, Əbilov İqbal Şahin oğlu üçüncü ölkə ərazisində məskunlaşaraq, Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanətdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə ittiham olunur.

Barəsində həbs qətimkan tədbirinin seçildiyi məhkəmə prosesində digər dəlillərlə yanaşı, İqbal Əbilovun İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri və Ermənistanda fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun direktoru, Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycanın ərazi bütövlüyü əleyhinə məqsədyönlü iş aparan Asatrian Garnik Seroboviç ilə SKYPE vasitəsilə apardığı gizli danışıqlar və sövdələşmələri də elan edilib.

Oxşar xəbərlər