Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb.
Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühiti ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub.
Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir."Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı və digər qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq işlik materialı kimi daşınmışdır.
Ermənilər dəfələrlə Bartaz və Vecnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törətmiş, Meşə Təsərrüfatı İdarəsinin inzibati binasını yandırmış, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar və şam ağaclarını tamamilə qırmışlar.
Daş-başı və Leşkar meşələrində də yanğın törədilmiş, sözügedən meşə sahəsindəki 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da qırılıb daşınmışdır.
Əldə edilmiş video çəkilişlərdən rayonun Alıbəyli kəndində həmişəyaşıl çoxillik ağacların qırıldığı, həyətyanı sahələrdə minlərlə meyvə ağaclarının yalnız kötükləri və cavan pöhrələrinin qaldığı, çoxillik qiymətli qoz, çinar və gəvən ağaclarının kəsildiyi, yol ətrafında ayland ağaclarının təbii meşələrinin və böyürtkən kolluqlarının əmələ gəldiyi görünür. İndi Zəngilanda da abadlıq-quruculuq işləri gedir və “Böyük Qayıdış” planları bu ərazilərimizdə də sürətlə reallaşır. Cənab Prezidentin apardığı uğurlu, məqsədyönlü, düşünülmüş və qətiyyətli siyasət sayəsində ölkəmizin nəinki ərazi bütövlüyü, suverenliyi təmin edilib, həmçinin inkişafa yeni pəncərələr açılıb. Bəli, bu gün qazanılan qələbələr Azərbaycan Prezidentin, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir. Məhz imkanlarını və ehtiyatlarını nəzərə alsaq, Zəngilanın işğaldan azad edilməsi ölkəmizin inkişafı üçün yeni perspektivlər vəd edir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin parlaq zəkası, uğurlu siyasəti, şəhid və qazilərimizin canı-qanı bahasına əldə olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin!
Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta məktəbin
tarix müəllimi Aludə Məmmədova