Cənab prezident İlham Əliyev digər istiqamətlərdə olduğu kimi, həmçinin mədəni dəyərlərə qayğı göstərilməsində də Ulu öndər Heydər Əliyevin yolunu davam etdirməkdədir. Bu cəhətdən 30 sentyabr 2024-cü ildə Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Aşıq Ələsgər abidəsinin açılışı xüsusilə diqqət çəkir. İlk dəfə Aşıq Ələsgərə yüksək səviyyədə dəyər nümayiş etdirən şəxs ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Azərbaycan Respublikasının hələ SSRİ-nin tərkibində olduğu bir zamanda məhz onun təşəbbüsü ilə 1972-ci ildə Moskvada Aşıq Ələsgərin 150 illiyi, Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunduqdan bir qədər sonra, daha dəqiq desək, 1997-ci ildə 175 illiyi dövlət səviyyəsində keçirilmişdir. Aşığın yaradıcılığına olan maraq sonrakı dövrlərdə də silsilə tədbirlərin həyata keçirilməsinə yol açmışdır: 2002-ci ildə Bakıda “Aşıq Ələsgər muzeyi”-nin yaradılması, 2011- ci ilin “Aşıq Ələsgər ili” elan olunması və həmin ildə 190 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi, Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi”-inin açılması kimi aşığın xatirəsini əbədiləşdirən daha bir çox işlərə imza atılmışdır. Bəs Aşıq Ələsgərin Azərbaycan xalq ədəbiyyatında tutduğu yer nədən ibarətdir?
Onun yaradıcılığı həm bədii zənginliyi, həm də azərbaycançılıq ideologiyası baxımdan zəngin mənbədir. Aşığın bənzərsiz yaradıcıllığı əksər azərbaycanlı ziyalılar tərəfindən yüksək qiymətləndirilmişdir. Aşıq Ələsgər 1821-ci il İrəvan xanlığının Göyçə mahalında dünyaya göz açmışdır. Keşməkeşli həyatına vətən həsrəti də əlavə olunmuşdur, o vaxta qədər ki, 1921-ci ildə 97 yaşında doğma yurduna qayıda bilmişdir. Beş il sonra vəfat etmiş və orada dəfn olunmuşdur.
Lakin təəssüflə onu da qeyd etmək lazımdır ki, Aşıq Ələsgərin ötən əsrdə yaradılan qəbirüstü abidəsi yalnız bizə düşmən olmaqla kifayətlənməyən mədəniyyət düşməni vandal xalq tərəfindən dağıntılara məruz qalmışdır. “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”. Uzaqgörən prezidentimiz İlham Əliyevin bu sözləri yaxın gələcəyə dair hədəflərindən xəbər verir.
Son olaraq bunu da qeyd etmək yerinə düşər ki, aşıq sənəti Azərbaycan xalqının milli-mənəvi sərvətidir. Bu sərvəti qorumaq yalnız dövlət səviyyəsində keçirilən addımlarla yetərli hesab edilə bilməz, ona görə də hər bir azərbaycanlı vətəndaş üçün aşıq ədəbiyyatının dəyərini gələcək nəsillərə aşılamaq vacibdir.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta
məktəbin tarix müəllimi Türkan İsmayılova