İranlı diplomatdan MÜHARİBƏ AÇIQLAMASI: “Qərb dövlətləri Ermənistana kömək edəcək və...”

İranlı diplomatdan MÜHARİBƏ AÇIQLAMASI: “Qərb dövlətləri Ermənistana kömək edəcək və...” İranın Azərbaycandakı keçmiş səfiri, siyasi ekspert Möhsün Pakain Moskva və Bakının Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin aydınlaşdırılmasının vacibliyindən danışıb.

Musavat.com-un erməni mətbuatına istinadən bildirdiyinə görə, Qərb mediası bu məsələdən İranın Rusiya və Azərbaycanla münasibətlərinə xələl gətirmək üçün istifadə edir.

Möhsün Pakain “Mehr” xəbər agentliyinə müsahibəsində Rusiya rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı son açıqlamalarına münasibət bildirərkən bir sıra fikirlər söyləyib.

“Vladimir Putinin Azərbaycana səfərindən sonra Rusiyanın tutduğu mövqe aydınlaşdırılmalıdır” deyən diplomat əlavə edib ki, hazırda Putinin bu mövqeyindən sonra belə qənaət yaranır ki, Zəngəzur dəhlizi açılacaq, İran sərhədi dərhal dəyişəcək və ölkə bu məsələ ilə bağlı Rusiya və Azərbaycanla münasibətlərdə problemlərlə üzləşəcək.

“Azərbaycan və Rusiya bizim dostumuz olsalar da, biz ilk növbədə vəziyyəti diqqətlə öyrənməli, Moskva və Bakı ilə qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün danışıqlara başlamalıyıq ki, onların niyyətlərini başa düşək və məsələ həll olunana qədər mənfi davranış nümayiş etdirməyək”, - deyə sabiq səfir bildirib.

İranın Azərbaycandakı keçmiş səfiri Zəngəzur dəhlizinin açılmasının bir neçə yolla baş verə biləcəyini deyib.

Onun fikrincə, Rusiya və Azərbaycanın hərbi hərəkətləri dəhlizin açılmasının yollarından biri ola bilər ki, bu da Ermənistanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxaracaq, bu halda İran və Ermənistanın beynəlxalq sərhədləri də pozulacaq.

“Belə bir hadisə baş verərsə, Qərb dövlətləri Ermənistana mütləq kömək edəcək və regionda yeni müharibə başlayacaq. Ona görə də mən düşünmürəm ki, Rusiya və Azərbaycan regionda növbəti müharibənin olmasını istəyir. Çünki Azərbaycan və Ermənistan bir müddət əvvəl Qarabağ müharibəsini yekunlaşdırıblar, sülh müqaviləsini imzalayacaqlar və hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan edib. Ona görə də Zəngəzur dəhlizinin hərbi yolla açılması istisna edilir” - deyə diplomat bildirib.

Möhsün Pakainin fikrincə, ikinci yol Azərbaycan və Ermənistan arasında sülh danışıqları ola bilər ki, bu danışıqlar vasitəsilə Ermənistanın milli suverenliyi çərçivəsində Azərbaycan Naxçıvana çıxış əldə edə bilər.

Pakain onu da bildirib ki, belə bir razılaşma əldə olunarsa, Ermənistanın mütləq Azərbaycanın öz ərazisindən İrana keçməsinə icazə verməsini gözləmək kimi tələbləri olacaq.

“Üstəlik, Türkiyə bu marşrutu tutmaq istəyirsə, Ermənistanın şimal sərhədlərindən Qara dənizə çatmasına icazə verməlidir”, - o əlavə edib.

“Bu məqsədlərə nail olmaq uzun danışıqlar tələb edir, çünki Azərbaycan və Türkiyə Ermənistanı yeni marşrutlarla təmin etməkdə maraqlı deyil. Əgər bu məsələ danışıqlar yolu ilə həll olunarsa, bu, bir neçə il çəkə bilər, ona görə də Azərbaycan və Ermənistan sülh sazişində bunu qeyd etməmək barədə razılığa gəliblər” - Pakain deyib.

“Beləliklə, Rusiyanın bəyanatı hər hansı mövqe tutmazdan əvvəl hər tərəfdən ölçülməlidir, çünki bu dəhlizin açılmasına çoxlu maneələr var və ona görə də ölkələrin diplomatları bu məsələdə Moskva ilə danışıqlar aparmalıdırlar. Görünür, Qərb mediası Zəngəzur məsələsindən sui-istifadə edərək Rusiya və Azərbaycanla münasibətlərimizi pozmağa çalışır”, - deyə İranın keçmiş səfiri əlavə edib.

Onun sözlərinə görə, Rusiya Zəngəzur dəhlizini elə açmağa çalışır ki, o, Ermənistanla Azərbaycan arasında 2020-ci ildə imzalanmış atəşkəs sazişinin müddəalarına uyğun olaraq Rusiya qoşunlarının nəzarəti altında olsun.

Putinin Bakıda qaldırdığı məsələnin məhz 2020-ci il müqaviləsinin bəndlərindən biri olduğunu deyən Möhsün Pakain qeyd edib ki, bənddə tərəflər kommunikasiya marşrutlarını açmalıdırlar.

“Rusiya prezidenti Bakıda yenə də bu mövqeyi təkrarladı, bu, əlbəttə ki, yeni mövqe deyil, çünki Lavrov da belə bir mövqedən çıxış edib”, - Möhsün Pakain yekunda deyib.

Oxşar xəbərlər