Qahirədə iyunun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə geniş tərkibdə görüşü keçirilib. Azərbaycan və Misir prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan Respublikasının və Misir Ərəb Respublikasının Dövlət himnləri səsləndirilib. Azərbaycan nümayəndə heyəti Misir Prezidentinə, Misir nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. Görüşdə diqqətçəkən məqam isə prezident İlham Əliyevin Misirdə təntənəli şəkildə qarşılanmasıdır. Azərbaycan prezidentinin şərəfinə Qahirədə xüsusi törən təşkil edilib. Bu, Azərbaycanın Ərəb dünyasının aparıcı dövləti olan Misir üçün necə mühüm ölkə olduğunu göstərir. Üstəlik bu, Əbdülfəttah əs-Sisi ilə İlham Əliyevin münasibətlərinin necə yüksək səviyyədə qərarlaşdığının isbatıdır. Misir həm Yaxın Şərqin, həm də ərəb dünyasının açar ölkəsidir. Prezident İlham Əliyevin səfəri də iki tərəfli münasibətlərin əhəmiyyətli inkşafı baxımından mühümdür. Səfər çərçivəsində yeni razılaşmalar əldə edilib. İki dövlət arasında yeni əməkdaşlıq formatı təşkil ediləcək. Azərbaycan Misir üçün həm də siyasi baxımdan cəlbedici ölkədir.
Cənubi Qafqazda parlayan ölkə kimi Azərbaycanla indidən sağlam təməllər qurmaq rəsmi Qahirə üçün önəmlidir. Söhbət zamanı ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirildi. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd olundu. Diqqətəlayiq haldır ki, bütün beynəlxalq məsələlərdə Misir və Azərbaycanın fikirləri üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il ərzində daim Misirin ölkəmizə dəstək verdiyini xüsusi qeyd etdi. Azərbaycanın sədrliyi nəticəsində Qoşulmama Hərəkatı daha böyük imkanlara malik olmuşdur.
Azərbaycanın Hərəkata sədrliyi dövründə daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri də Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması ilə bağlı olub. Cənab Prezident bu xüsusda dövlətimizin prinsipial mövqeyini bir daha vurğulayaraq bildirdi ki, müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Azərbaycan hər zaman bütün dünyada sülhün tərəfdarı və təbliğatçısı kimi çıxış edib. Məlum olduğu kimi, Qəzzada davam edən müharibə fonunda Azərbaycana qarşı ittihamlar artır. İlham Əliyev məhz Qahirədə İsrail-Fələstin münaqişəsinin həlledici ölkəsinin paytaxtında Azərbaycanın münaqişə ilə bağlı mövqeyini bir daha qeyd etdi və bu məsələdə Misirlə eyni mövqeni bölüşdüyünü xüsusi vurğuladı. Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin Misir tərəfindən dəstəkləndiyi, dörd kəndin danışıqlar yolu ilə Azərbaycana qaytarıldığı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində aparılan işlər təqdir olundu. Görüşdə önə çıxan məqamlardan biri də dəhlizlərin uzlaşdırılması məsələsi olub. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı təşəbbüsləri bir sıra xarici dairələr tərəfindən Misirin Süveyş kanalı dəhlizinə qarşı layihə kimi təqdim edilməkdə idi. Dünya mediasında Zəngəzur dəhlizi ilə bağlı müzakirələr belə Süveyş kanalından istifadənin müvəqqəti dayandırılması haqda xəbərlərlə eyni vaxta təsadüf etmişdi. Amma ötən il əs-Sisinin Bakıya, bu günlərdə isə İlham Əliyevin Qahirəyə səfəri zamanı bəyan edildiyi kimi, Azərbaycan və Misir öz nəqliyyat-dəhliz imkanlarını uzlaşdırmaqda maraqlıdır, təşəbbüslər biri birinə qarşı yönəlməyib. Nəhayət, Hindistan yüklərinin daha çox Süveyşə cəlb olunması da bu gün üçün Azərbaycanın marağındadır.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Zeynəb Muradlı