Bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub

Bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub


Azərbaycan və Misir xalqları arasında hələ sovet dövründə sıx mədəni əlaqələr mövcud idi. Misirin ötən əsrdə həyata keçirdiyi nəhəng layihələrdən olan Asuan bəndinin tikintisində azərbaycanlı mühəndislər çox yaxından iştirak etmişlər. Həmçinin, Misir ölkəmizin müstəqilliyini ilk tanıyan (26 dekabr 1991-ci il) 5 müsəlman ölkəsindən biri olub. Tanınmış mədəniyyət xadimlərimiz tez-tez bu ərəb ölkəsinə qastrol səfərlərinə gedər, orada konsert proqramları ilə çıxış edərdilər. Misirdə siyasi fəaliyyətlə məşğul olan azərbaycanlılar SSRİ-Misir əlaqələrinin inkişafında da mühüm rol oynayırdılar. Amma ölkələrimizin siyasi əlaqələri 1994-cü ildən sonra - Ulu Öndər Heydər Əliyevin Qahirə səfəri ilə daha da gücləndi. Ulu Öndər Misir–Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri ilə görüşdə qeyd etmişdi ki, iki ölkə arasında əlaqələrin tarixi çox böyükdür. Bizim xalqlarımız uzun əsrlər boyu bir-biri ilə sıx əlaqədə olub, bir-birinə kömək göstəriblər. Bizim milli, dini, tarixi ənənələrimizdə çox oxşarlıq, eynilik var. Qarabağ münaqişəsində Misirin daim Azərbaycanı dəstəkləməsi, beynəlxalq təşkilatlarda ölkəmizin ədalətli mövqeyini müdafiə etməsi münasibətlərimizdəki səmimi dostluq bağlarını daha da gücləndirib. Misir Ərəb Respublikası hər zaman ən yüksək kürsülərdə Ermənistan-Azərbaycan münasibətlərində Azərbaycanın haqlı mövqeyini müdafiə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verib. Azərbaycan strateji mövqeyinə və fəal xarici siyasətinə görə bütün ərəb dünyası üçün mühüm rol oynayır. Prezident İlham Əliyevin təşəbbüsləri qlobal əhəmiyyət kəsb edir və hər zaman dövlətlərarası dialoqun və əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.
Azərbaycan Avropa və Asiya arasında nəqliyyat-kommunikasiya yollarının və ticarət əlaqələrinin inkişafında aparıcı rol oynayır, ölkəni əsas nəqliyyat qovşağına çevirir ki, bu da Misirdə dəfələrlə qeyd olunub. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş layihələr Bakı ilə Qahirə arasında ticarət dövriyyəsinin, turizmin və investisiyaların artırılmasına kömək edəcək. Bu, həmçinin digər ölkələrin və investorların diqqətini regiona cəlb edə bilər.
Azərbaycanın dövlət başçısının mətbuat konfransı zamanı qeyd etdiyi kimi, son vaxtlar Azərbaycan və Ermənistan, dövlət sərhədlərinin müəyyənləşdirilməsində müəyyən irəliləyişlər əldə ediblər. Ermənistanla Azərbaycan arasında münaqişənin həlli bir neçə səbəbə görə Misirin maraqlarına cavab verir. Misir Yaxın Şərq və Cənubi Qafqaz regionunda sabitlikdə maraqlıdır. Münaqişənin həlli gərginliyi azaltmağa və təhlükəsizliyin yaxşılaşdırılmasına kömək edir ki, bu da regional və beynəlxalq sabitlik üçün vacibdir. Regionda sülh müştərək infrastruktur layihələri, nəqliyyat dəhlizləri və Misir də daxil olmaqla, bütün iştirakçı ölkələrin iqtisadi artımına töhfə verə biləcək digər təşəbbüslər üçün imkanlar açır.
Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Qoşulmama Hərəkatı daha geniş imkanlar əldə etdi. Ölkəmiz münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquqa hörmət kimi qlobal məsələlərə diqqət yetirib. Azərbaycan üzv ölkələr arasında qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra tədbirlər və konfransların təşəbbüskarı olub. Azərbaycan Qoşulmama Hərəkatının müstəqillik, suverenlik və digər dövlətlərin daxili işlərinə qarışmamaq kimi fundamental prinsiplərinə sadiqliyini nümayiş etdirir. Bütün bu keyfiyyətlər dəyişən dünya düzənində daha da aktuallaşıb.
Azərbaycanın Türk Dövlətləri Təşkilatında da mərkəzi yer tutur. Bu Misir üçün mühüm əhəmiyyət kəsb edir. Misirlə Türk dünyası ölkələri arasında əməkdaşlığın inkişafı qarşılıqlı faydalı nəticələrə gətirib çıxara, iqtisadi yüksəlişə, siyasi və mədəni əlaqələrin möhkəmlənməsinə, eləcə də təhlükəsizlik və sabitliyin səviyyəsinin yüksəlməsinə təkan verə bilər.
Hər iki dövlət strateji əhəmiyyətli regionda - Misir Şimali Afrika və Yaxın Şərqdə, Azərbaycan isə Cənubi Qafqazda yerləşir. Bu ölkələr arasında əlaqələrin inkişafı onların beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə və təsir dairələrinin genişlənməsinə kömək edə bilər. Azərbaycanın enerji ehtiyatları, o cümlədən neft və qazla zəngin olduğunu vurğulamaq vacibdir. Misir enerji mənbələrini şaxələndirməyə çalışır və Azərbaycanı bərpaolunan enerji istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi və digər sahələrdə potensial tərəfdaş kimi qəbul edə bilər. Təsadüfi deyil ki, rəsmi səfər zamanı “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik enerjisi və bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” da imzalanıb. Misir COP27-yə ev sahibliyi etmək təcrübəsindəki bacarıqlarını həvəslə ölkəmizlə bölüşür.
Azərbaycan ilə Misir arasında diplomatik və iqtisadi əlaqələr, mədəni mübadilə ilə əlamətdar olan uzun tarixə malikdir. Hələ sovet dövründə Azərbaycanla Misir arasında dostluq münasibətləri mövcud idi. 2002-ci ildə Misir Ərəb Respublikasının milli bayramı münasibətilə Misirin Bakıdakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi qəbulda Ümummilli Lider Heydər Əliyev demişdi: “Misirlə Azərbaycan arasında çox yaxşı dostluq əlaqələri və qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur”. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində möhkəmlənən Azərbaycan-Misir əlaqələri Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan inkişaf yolunu tutub.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
Uşaq birliyi rəhbəri Almaz Zeynalova

Oxşar xəbərlər