XXI əsrin Türk əsri olacağı barədə verilən proqnozlar özünü doğruldur. Son illərdə dünyadakı təxminən 200 milyon Türk soylu insanı sevindirən əlamətdar hadisələr baş verir. Biz qərinələrə şahidlik etmiş Türk soyundan gələn xoşbəxt nəsilik ki, bir vaxtlar xəyal kimi hər birimizin qəlbində, düşüncəsində özünə yer edən Türk dövlətlərinin birliyi ideyasının reallığa çevrilməsinə şahidlik edirik. Əlamətdar haldır ki, bütün Türkdilli və Türkdilli olmayan ayrı-ayrı ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan dövlətləri böyük Türk birliyinin vahid platformada birləşməsinə qətiyyətli siyasi iradə ortaya qoyurlar. Artıq bu siyahıya Şimali Kipr Türk Cümhuriyyəti də qoşulub. Eyni zamanda, qeyd olunan ölkələrin cəmiyyətlərində də Türkdilli dövlətlərin birləşməsinə böyük istək var. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə qardaş Türkiyəyə baş tutan uğurlu səfəri çərçivəsində dövlətimizin başçısı və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata verdikləri bəyanatlarında Türk Dövlətləri Təşkilatını (TDT) vahid ailə kimi səciyyələndiriblər. Həqiqətən də, bizim başqa ailəmiz yoxdur. Türk dövlətlərinin gələcəyi, inkişafı məhz birlikdə mümkündür. “Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır”, - deyə Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında vurğulayıb.
Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirlməsi barədə qərar 2023-cü il noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Həmin toplantıda qəbul olunmuş Bəyannamədə Şuşada təşkil olunacaq Zirvə görüşü ilə bağlı ayrıca müddəa yer alıb. Ənənəyə görə, qeyr-formal görüşlər hər cür rəsmiyyətdən uzaq daha səmimi aurada keçir. Belə görüşlərdə iştirakçıların hər biri öz mövqeyini ifadə etməkdə tam sərbəstdir. Bu isə qeyri-formal tədbirlərin rəngarəngliyini artırır. Həmçinin səmimi ortamda səsləndirilən cəlbedici ideyalar gələcək əməkdaşlığın yeni perspektivli istiqamətlərinin müəyyənləşməsində nəzərə alınır. Bəs nə üçün Qazaxıstan paytaxtına toplaşan liderlər qeyri-formal görüş yeri kimi məhz Şuşa şəhərini seçiblər? 44 günlük Vətən müharibəsində Azərbaycan hərbiçilərinin misilsiz şücaəti sayəsində işğaldan azad edilmiş Şuşa şəhərində TDT-nın yüksək səviyyəli tədbirinin keçirlməsi təşəbbüsü bir müddət əvvəl irəli sürülsə də, ötən ilin fevralında qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələ Şuşa Sammitinin tarixinin ertələnməsinə səbəb olmuşdu. 2023-cü il martın 16-da Türkiyənin paytaxtı Ankarada TDT-nin “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü keçirildi. Əvvəlcə bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulurdu. Prezident İlham Əliyev Türkiyədə dağıdıcı zəlzələ baş verməsini nəzərə alaraq Zirvə görüşünün Ankarada keçirilməsi təşəbbüsünü irəli sürüb və bu təşəbbüs bütün üzv dövlətlər tərəfindən dəstəklənib. Bununla da Azərbaycan və digər Türkdilli ölkələr insanlıq faciəsi ilə üzləşən Türkiyə ilə həmrəy olduqlarını bir daha nümayiş etdiriblər. Nəhayət, TDT-nın Zirvə görüşü bu il Şuşada baş tutacaq. Şuşa Zirvə görüşünün xüsusi özəlliyi də olacaq. Belə ki, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin də tədbirə qatılması gözlənilir. Bunun anonsunu isə Prezident İlham Əliyev edib. “Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Öz növbəsində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar onu bu ilin iyul ayında Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvəsində iştirak etməyə dəvət etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Bu barədə, o, Ankarada ŞKTR-nin qurucusu və Prezidenti Rauf Denktaşın anım mərasimində çıxışı zamanı bildirib.
Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşa tarixən mədəniyyət şəhəri kimi tanınıb. Şəhərin simasında zəngin Azərbaycan mədəniyyətinin, o cümlədən də şəhərsalma mədəniyyətimizin izləri hər daşa hopub desək, yanılmarıq. Hələ keçmiş sovet dönəmində şəhərin mədəni həyatı çox qaynar idi. Burada tez-tez ittifaqın hər yerindən gələn qonaqların işirakı ilə festivallar baş tuturdu. Vaqif poeziya günlərinin keçirilməsi ənənə halını almışdı.
Mədəniyyət xalqları birləşdirən ən etibarlı körpüdür. Şuşanın tarixi-mədəni zənginliyi həm də bütün Türk mədəniyyətinin qədimliyi və zənginliyi anlamında qəbul olunur. Təəssüf doğuran haldır ki, 30 illik işğal dövründə zəbt olunmuş digər ərazilərdə olduğu kimi, Şuşanın da mədəni irsinə ciddi ziyan vurulub. Ermənilər qədim şəhərimizin xalqımıza xas olan izlərini itirmək və yaxud öznünküləşdirmək məqsədilə müxtəlif vandalizm əməllərinə əl atıblar. Qalib Azərbaycan postmüharibə dövründə Şuşanın tarixi abidələrinin, mədəni həyatınının ənənələrini davam etdirmək üçün ardıcıl addımlar atır. O cümlədən birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi abidələrə ikinci həyat verilir. Artıq Şuşada “Xarıbülbül” festivalları, Vaqif poeziya günləri, rəsm əsərlərinin sərgiləri və digər belə mədəni tədbirlər uğurla baş tutub. İşğaldan azad olunan ərazilərdə illərdir keçirilməyən mədəni tədbirlərimiz, ənənələrimizin yenidən dirçəlməsini, qarşıda xalqımızı gözləyən xoş günlərin müjdəçisidir.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
əməkdaşı Səbinə Bayramova