Slovakiya-Azərbaycan əlaqələrinin çox gözəl gələcəyi var

Slovakiya-Azərbaycan əlaqələrinin çox gözəl gələcəyi var
Artıq mətbuatdan bizə məlumdur ki, Slovakiya Respublikasının Baş naziri Robert Fitso mayın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub. Daha sonra isə geniş tərkibdə görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.
Görüşdə çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Slovakiya-Azərbaycan əlaqələrinin çox gözəl gələcəyi var. Həm siyasi, həm iqtisadi, enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbətdir.
Eyni zamanda, Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanacağını qeyd edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, bu çox ciddi siyasi sənəddir, faktiki olaraq münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Sənədin özü və onun məzmunu təbii ki, bizim niyyətimizi göstərir, bir-birimizə olan hörməti, qarşılıqlı dəstəyi göstərir.
Qeyd etmək lazımdır ki, Baş nazirlə həm təkbətək görüş əsnasında, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox məsələlər müzakirə edilib. Bu isə hər iki dövlət arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasını bir daha təsdiqləyir. Eyni zamanda, bir çox sahələr üzrə aparılacaq işlərə də öz müsbət münasibətimizi bildirir.
Prezident İlham Əliyev qeyd edib ki, imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında artıq konkret danışıqlara start verilmişdir.
Prezident həmçinin, energetika sektorundakı əməkdaşlığın çox geniş müzakirə edildiyini, keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənədin imzalandığını və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmış olduğunu bildirmişdir.
Çıxışına davam edən Prezident İlham Əliyev qeyd edib ki, bu gün, eyni zamanda, ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirildi. Bildiyiniz kimi, bu gün Slovakiya-Azərbaycan biznes forumu keçirildi, onlarla slovakiyalı iş adamı Azərbaycanda səfərdədir. Bir çox sərmayə layihələri də müzakirə edilir.
Həmçinin Prezident azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyəti barədə məlumat verdi və bildirdi ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, oraya qayıdacaq insanları sevindirəcək.
Çıxışının sonunda Prezident İlham Əliyev Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə görüşdə müzakirə edilmiş gündəliyin kifayət qədər geniş olduğunu, bir çox beynəlxalq məsələlərlə əlaqədar fikir mübadiləsi apardıldığını və burada fikir ayrılığı olmadığını bildirib. Slovakiya və Azərbaycanın bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunduğunu qeyd edən Prezident, bu səfərin əməkdaşlığımız üçün yeni imkanlar açacağından əmin olduğunu bildirib.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
laborantı Cahan Mahmudova

Oxşar xəbərlər