Bu imzalanmış Bəyənnamə Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir hadisədir. Slovakiyanın Baş naziri Azərbaycana səfər edib və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir.
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq.
Cənab Baş nazirlə həm təkbətək görüş əsnasında, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədik, bir çox sahələr üzrə aparılacaq işlərə öz münasibətimizi bildirdik.
Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, bizim genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması bizə qaza qənaət etmək imkanı yaradacaqdır və təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır.
Təbii ki, bu görüşdə energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.
Bu gürüşdə, eyni zamanda, ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirildi. Bildiyiniz kimi, bu gün Slovakiya-Azərbaycan biznes forumu keçirildi, onlarla slovakiyalı iş adamı Azərbaycanda səfərdədir. Bir çox sərmayə layihələri də müzakirə edilir. Bu gün bu məsələlər də müzakirə edildi və hər iki tərəfdən buna, necə deyərlər, yaşıl işıq yandırılmışdır.
Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.
Bir sözlə, bu görüşdə müzakirə edilmiş gündəlik kifayət qədər geniş olub. Bu, cənab Baş nazirlə mənim birinci şəxsi tanışlığımdır və eyni zamanda, biz bir çox beynəlxalq məsələlərlə əlaqədar fikir mübadiləsi apardıq və burada da fikir ayrılığı yoxdur. Əminəm ki, səfəriniz əməkdaşlığımız üçün yeni imkanlar açacaqdır.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Bikə Mirzəliyeva