Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir

Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermis akademik Zərifə xanım Əliyevanın anım günü aprelin 15-nə təsadüf edir. 1923-cü ilin aprelində dünyaya göz açan görkəmli alim bütün həyatını tibb elminin inkişafına həsr etmişdir.
Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töfhələr vermiş, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf etmişdir. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.
Zərifə xanım Əliyevanın elmi-tədqiqatlara olan sonsuz marağı onu Oftalmologiya Elmi Tədqiqat İnstitutuna gətirib çıxarmışdı. O, bu ixtisası seçərkən ölkə əhalisinin bu sahəyə böyük ehtiyacı olduğunu düşünmüş və Vətənə bu istiqamətdə daha çox xeyir verəcəyini fikirləşərək bu addımı atmışdı. Həmin illərdə Azərbaycanda gözü zədələyən, hətta tam korluğa səbəb olan traxoma göz xəstəliyinə qarşı təsirli müalicə üsulları yox idi. Bu xəstəliklə mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə Respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsi öyrətmiş, onlara xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Bu gün onun yetişdirdiyi kadrlar insanlara sağlamlıq bəxş edir. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazanmışdır. 1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, professor Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın olmuşdur.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.
Zərifə Əliyeva elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi əhəmiyyət vermişdir.
Tibb elmində özünəməxsus iz salmış novator alimin oftalmologiya elminin müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Görkəmli alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.


Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
əməkdaşı Aytən Əzimova

Oxşar xəbərlər