Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi

Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi Ermənilər tarix boyu daim Azərbaycan torpaqlarına ərazi iddiası ilə çıxış etmişdi. 1988- ci ildən başlayaraq azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə və fəal hərbi əməliyyatlara başlandı. Hərbi əməliyyatlar zamanı qarşı tərəf beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq dinc əhalini amansızlıqla qətlə yetirmiş, xalqımız soyqrıma məruz qalmışdı. 1994-cu il 12 may tarixində Azərbaycan- Ermənistan arasında əldə olunan razılaşmaya əsasən fəal hərbi əməliyyatlar dayandırıldı, atəşkəs əldə edildi.
Azərbaycan Respublikası ilk olaraq torpaqlarımızı düşmən tapdağından azad etmək üçün danışıqlar yolunu seçdi. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün müxtəlif təkliflər irəli sürülsə də 28 il ərzində heç bir uğur əldə edilə bilmədi. Tərəflərin mövqelərinin bir- birindən kəskin fərqlənməsi həm münaqişənin həllini uzadır, həm də sülhə olan inamı azaldırdı.
Azərbaycanın üzv olduğu beynəlxalq və regional təşkilatlar münaqişənin ədalətli və beynəlxalq hüquq çərçivəsində həll olunmasına tərəfdar olmuşdu. Beynəlxalq sülh və təhlükəsizlik təşkilatı olan BMT- nin Təhlükəzislik Şurası Azərbaycanın ərazi bütövlüyünü tanıyan və işğalçıların dərhal, tam və qeyri- şərtsiz Azərbaycan torpaqlarını tərk etməsini tələb edən 4 qətnamə qəbul edir. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı da öz konfranslarında Azərbaycanın haqq işini müdafiə edib, erməni işğalını pisləmişdir.
Azərbaycanın üzv olduğu təşkilatlardan biri də ATƏM- dir ( 1995- ci ildən ATƏT ). Münaqişənin sülh yolu ilə həll edilməsi üçün 1992- ci ilin mart ayında ATƏM- in Minsk qrupu yaradıldı. Hər iki ölkə münaqişənin sülh yolu ilə həll edilməsi üçün təşkilatın fəaliyyətini dəstəkləməyə hazır olduqlarını bildirmişdi.
Minsk qrupu fəaliyyət göstərdiyi dövrdə mütəmadi olaraq ikitərəfli və üçtərəfli görüşlər təşkil edib, regiona bir neçə dəfə səfər təşkil etmişdi. Ancaq Minsk qrupu çərçivəsində keçirilən görüşlərdə Ermənistan tərəfinin qeyri- konstruktiv mövqeyinə görə heç bir nəticə əldə edilə bilməmişdi.
Minsk qrupu həmsədrləri tərəfindən 1997-1998-ci illərdə münaqişənin həllinə dair 3 təklif irəli sürülmüşdü. Təklif edilən ilk həll yoluna əsasən Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlər eyni zamanda həll edilməli idi. Bu təklif münaqişənin “paket” həllini təşkil edirdi. Digər təklif isə münaqişənin mərhələli həllini nəzərdə tuturdu. İlk iki təklif Ermənistan tərəfindən rədd edildi. Sonuncu təklif isə beynəlxalq hüquq normalarına uyğun olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı. Bu təklif ərazi bütövlüyümüzə, suverenliyimizə zidd olduğu üçün Azərbaycan tərəfindən qəti olaraq rədd edildi. “Ümumi dövlət” ideyası məsələnin sülh yolu ilə həlli prosesinə ciddi maneçilik törətdi, tərəflərin mövqeləri arasındakı ziddiyyətləri daha da dərinləşdirdi.
İrəli sürülən təkliflərdən biri də Madrid prinsipləridir. 2007-ci ildə ATƏT -in Minsk qrupu tərəfindən irəli sürülmüş Madrid prinsiplərinə əsasən ilk olaraq Dağlıq Qarabağ ətrafındakı 7 rayon qaytarılmalı, daha sonra bölgədə kommunikasiya bərpa edilməli, sülhməramlıların müşahidəçiliyi ilə məcburi köçkünlər evlərinə qaytarılmalı və onların təhlükəsizliyi təmin edilməli idi. Sonda isə Dağlıq Qarabağın statusu müəyyən edilməli idi. Bu prinsip reallaşma ehtimalı ən yüksək olan həll yolu idi.
İlham Əliyev hər zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün danışıqlara hazır olduğunu bildirmişdir. Ancaq zaman keçdikcə aydın oldu ki, münaqişənin sülh yolu ilə həlli mümkünsüzdür. İstər Ermənistan tərəfinin danışıqları uzatması, istərsə də beynəlxalq təşkilatların və xarici dövlətlərin bitərəfli mövqeyi danışıqların uğursuzluqla nəticələnməsinə səbəb oldu.
Belə olduqda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 gün ərzində torpaqlarımızı erməni işğalından azad etdi. Bu qələbənin qazanılmasında xalq- dövlət- ordu birliyinin rolu danılmazdır. Ancaq tarixə qızıl hərflərlə yazılan zəfərin əsasında İlham Əliyevin dövlət maraqlarını əks etdirən uğurlu xarici siyasəti və diplomatik bacarıqları dayanır.


Ramana qəsəbəsi, 198 nömrəli məktəbin
müəllimi Günel Namazova


Oxşar xəbərlər