“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Türkiyə Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı fəallığını artırıb. Prezident Rəcəb Tayyib Ərdoğan da son çıxışında sülh müqaviləsinin önəmindən danışdı. Üstəgəl, xarici işlər naziri Hakan Fidan ötən günlərdə məsələni ABŞ-də müzakirə masasına yatırdı. Ankaranın artan fəallığını necə izah etmək olar?
- Türkiyənin Cənubi Qafqazda fəallaşması, Ermənistan yönündəki aktiv səyləri Azərbaycan üçün son dərəcə faydalıdır. Prezident İlham Əliyevin İkinci Qarabağ Müharibəsindən sonra açıqlaması var idi ki, Azərbaycan artıq öz ərazilərini işğaldan azad edib, Türkiyə Ermənistan siyasətində sərbəstdir. Yəni bu o deməkdir ki, Türkiyə Azərbaycana boylanmadan Ermənistanla münasibətlərini normallaşdıra bilər. Buna baxmayaraq, Türkiyə Azərbaycanla müttəfiqliyə sadiq qalaraq, bu məsələni Bakı ilə koordinasiya edir. Hakan Fidan ötən ilin dekabrında Bakıda olanda açıq dedi ki, Ermənistanla bağlı məsələlər Azərbaycanla razılaşdırılır.
Prezident Ərdoğan bu günlərdə keçirilən Antalya Diplomatiya Forumunda söylədi ki, Türkiyə Ermənistan siyasətini Azərbaycanla koordinasiya edir. Bunun izahı belədir: Ermənistan ilk növbədə Azərbaycanla məsələləri həll etməlidir ki, Türkiyə ilə normallaşma prosesinə başlasın. Bununla yanaşı, Türkiyə Ermənistanla dialoqu davam etdirir. Təsadüfi deyil ki, Antalya Diplomatiya Forumuna Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan da gəlmişdi. Türk həmkarı Sərdar Kılıç Rubinyana təklif etdi ki, növbəti görüş İrəvanda keçirilsin. Əslində, biz də bu təkliflə çıxış edə bilərik ki, başqa ölkələrdə görüşməkdənsə, növbəlilik əsasında təmaslar Bakı və İrəvanda davam etdirilsin.
Yeri gəlmişkən, Hakan Fidan Amerika səfərində müxtəlif mövzuları həmkarı Entoni Blinkenlə müzakirə etdi. Hakan Fidanın belə bir fikri də oldu ki, müxtəlif mövzularda fikir ayrılıqları olsa da, həmişə bunlar müzakirə olunmalıdır. Əslində, Amerikanın da fikri budur ki, Ermənistan sülh məsələsində Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlamalıdır. Azərbaycan da, Türkiyə də bunu istəyir. Sadəcə Nikol Paşinyan bunun üçün reallığı qəbul edərək, Azərbaycanla çərçivə sazişinin imzalanmasını yubatmamalıdır.
- ABŞ sülh prosesi ilə bağlı Türkiyə ilə əməkdaşlıq edəcək, Hakan Fidanın Vaşinqton səfərində bu barədə razılaşma oldu. İndiyədək regionda əməkdaşlıqla bağlı Türkiyə ilə arasında məsafə saxlayan ABŞ niyə fikrini dəyişdi?
- Amerikanın Türkiyəyə ehtiyacı var. Çünki bilir ki, Ermənistan Rusiyanın caynağından qurtarmaq istəyirsə, böyük qonşusu Türkiyə ilə münasibətləri normal olmalıdır. Bəli, zaman-zaman ABŞ-Türkiyə münasibətlərində suallar yaranır. Bu sualları yaradan məsələlərə ABŞ-nin PKK terror təşkilatının Suriyadakı törəmələrini dəstəkləməsi, F-35 təyyarələrini Ankaraya verməməsi, FETÖ lideri Fəthullah Gülənə Pensilvaniyada sığınacağın verilməsi və sair daxildir. Bu, Türkiyədə narahatlıq, münasibətlərdə suallar yaradır. Amma buna baxmayaraq, əməkdaşlıq istiqamətində dialoq davam edir.
Amerikada onu da anlayırlar ki, artıq Türkiyə Cənubi Qafqazdadır, Azərbaycanla ittifaq var, türk dünyasının lider dövlətidir. Vaşinqtonda onu da başa düşürlər ki, Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, sərhədlər açılarsa, bunlar Amerikanın da regional maraqlarına cavab verəcək.
- Ermənistan mətbuatı bir neçə gündür Türkiyənin sərhədə hücum silahları göndərdiyi iddiasını tirajlayır. Sizcə, bu, nə qədər doğrudur, əgər belədirsə, nə ilə bağlı ola bilər?
- Ermənistandan gələn xəbərlərə bir az ehtiyatlı yanaşmaq lazımdır. Belə xəbərləri yayanları “Ermənistan mətbuatı” adlandırmaq olmaz. Bunları Paşinyana qarşı radikal mövqedə duran qüvvələr yayırlar. Məqsəd də Paşinyanın mövqelərini zəiflətməkdir ki, guya Rusiya sərhədçiləri ölkədən çıxarılsa, sərhədlər boş qalacaq, Türkiyə Ermənistana hücum edəcək. Bu, Paşinyan əleyhinə ortaya atılmış iddiadır. İddia Türkiyə tərəfindən təsdiqlənməyib.
Təəssüf ki, heç bir əsası olmayan bu xəbər Azərbaycan mediasında geniş yayıldı. Üstəgəl, Türkiyənin hüququ var ki, öz ərazisində istənilən hərbi əməliyyat, təlimlər keçirsin. Suriya və İraqda PKK-ya qarşı mübarizə davam edir. Bəzən Ermənistanla sərhəd yaxınlığında da belə hallar olur, burda da hərbi təlimlər keçirilə bilər. Bunlar Türkiyənin müstəsna hüququdur. İndi belə bir şeyin olub-olmadığı bilinmir, ən azı Türkiyə tərəfindən açıqlama yoxdur. Biz də strateji müttəfiqimizə inanmalıyıq, nəinki ermənilərin informasiyalarına.
Məncə, bu, Paşinyana qarşı yönəlmiş dezinformasiyadır. Çünki Paşinyan Rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarmaq istəyir. Radikallar da onu qorxutmağa çalışırlar ki, rus sərhədçiləri Türkiyə ilə sərhəddən də çıxarılsa, nə edəcəyik. Açıq demək lazımdır ki, Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsi Azərbaycanın da, Türkiyənin də maraqlarına cavab verir. Ermənistandakı Rusiya hərbi bazası kimə qarşıdır? Əgər Rusiya Azərbaycan və Türkiyəni özünə strateji tərəfdaş hesab edirsə, bu hərbi baza nəyə lazımdır? Ona görə də, hesab edirəm ki, Rusiya hərbi bazası və qoşunlarının Ermənistanı tərk etməsi Türkiyə və Azərbaycanın maraqlarına uyğundur.
- Ermənistan Baş naziri Nikol Paşinyan söylədi ki, Türkiyəyə təkcə qonşu ölkə kimi yox, həm də Azərbaycanla münasibətlər kontekstində baxılmalıdır. Hesab etmək olarmı ki, bu, İrəvanın Bakının sülh müqaviləsi ilə bağlı şərtlərini qəbul etməsinin anonsudur?
- Əslində, Paşinyan bəzi reallıqları anlayır. Son mətbuat konfransında 4 kəndlə bağlı gah nala-mıxa vursa da, elə sözlər işlətdi ki, dolayı yolla bu ərazilərin Ermənistana aid olmadığını etiraf etdi. Yəni Azərbaycan o kəndlərə daxil olarsa, Paşinyan bununla razılşacaq.
Paşinyanın Azərbaycan kontekstində Türkiyə ilə bağlı dedikləri də reallığı əks etdirir. Paşinyan o reallığı da anlayır ki, Türkiyə Ermənistan siyasətini Azərbaycanla koordinasiya edir.