İkili standartlar siyasətinin bariz nümunəsi...

İkili standartlar siyasətinin bariz nümunəsi... Cənab prezident İlham Əliyev 1 fevral 2024-cü ildə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı çıxış edib. Çıxışı zamanı cənab prezident AŞPA-nın Azərbaycana qarşı haqsız addımlarındanda danışıb.
Avropa şurası 5 mart 1949-cu ildə yaradılmışdır. Avropa İttifaqının 27 üzv dövlətləri daxil olmaqla 46 üzv dövlətdən ibarətdir. İttifaqın yaradılmasında əsas məqsəd insan hüquqlarının müdafiəsi olsada, hər zaman ikili siyasət yürütməsi ilə seçilir. Avropa şurası Avropada insan haqlarının kütləvi surətdə pozulmasına, mitinqlərin zorakılıqla dağıdılmasına və jurnalistlərin həbsinə susqunluq nümayiş etdirir, Azərbaycanda isə kiçik bir hadisəni xüsusi olaraq qabardır, ona siyasi məzmun verərək ölkəmizə qarşı ittihamlar irəli sürürlər.
XXI əsrdə qloballaşma şəraitində milli dövlətlərə qarşı təsir mexanizmləri və vasitələri dəyişikliyə uğrayır. Klassik siyasi və iqtisadi vasitələrdən fərqli olaraq müəyyən ümumbəşəri dəyərlərdən istifadə olunur ki, bu sırada da “demokratiya” və “insan hüquqları” kimi institusional məfhumlar xüsusilə fərqlənir. Məsələ ondadır ki, bu dəyərlər siyasi manipulyasiya vasitəsinə çevrilir, bunun fonunda çoxsaylı ikili standartlar nümunəsi ortaya çıxır. Bu kontekstdə bir neçə nümunəyə nəzər yetirmək məqbuldur.
İkili standartlar siyasətinin bariz nümunəsi...
Əvvəla vurğulamaq gərəkdir ki, insan hüquqları və demokratiyadan, demokratik dəyərlərdən bəhs edən qurumların ayrı-ayrı regionlar və ölkələrə yanaşmasında ikili standartlar siyasəti və selektiv münasibətə rast gəlinir. Bəllidir ki, bu hallar daha çox özünü dünyaya “demokratiya keşikçisi” kimi təqdim edən Qərbin, xüsusilə də Avropanın müvafiq təşkilatlarının mövqeyində özünü göstərir. İkili standart faktı burada görünür ki, Avropada son zamanlar mitinqlərin dağıdılması, jurnalistlərin həbsi, insan haqlarının pozulmasına dair konkret hadisə və faktlar ortada olduğu halda, sözügedən qurumlar - təşkilatlar susqunluq nümayiş etdirirlər. Belə ki, özlərini “sarı jiletlər” adlandıran mitinqçilər Fransa, Portuqaliya, İspaniya, Belçika və başqa ölkələrdə etiraz aksiyaları keçirir, hökumət qarşısında tələblərini ifadə edirlər. Bu aksiyalarda minlərlə mitinq iştirakçısı polis zorakılığına məruz qalıb, yüzlərlə insan həbs olunub. Məlumata əsasən, Fransada “sarı jiletlər” aksiyasının səkkizinci mərhələsində 50 min aksiyaçı iştirak edib. Parisdəki aksiyaya 3500 insan qatılıb. Aksiya çərçivəsində bir çox şəhərlərdə polis və aksiyaçılar arasında toqquşma olub. Fransa KİV-i yazır ki, bu ölkədə “sarı jiletlər” etiraz aksiyasının 345 üzvü polis tərəfindən saxlanılıb. Saxlanılanların 281-i barəsində həbs qətimkan tədbiri seçilib. Niderlanda da “sarı jiletlər” aksiyası Lahey və Rotterdam ilə yanaşı, digər şəhərlərə də yayılıb. Bütövlükdə, bu və digər bu kimi nümunələr bir məqamı aşkar edir: Avropa ölkələrində belə hallar baş verərkən heç kim - hüquq müdafiə təşkilatları, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, BMT-nin əlaqədar qurumları səslərini çıxarmır, amma Azərbaycanda kiçik bir hadisə xüsusi qaydada qabardılır, ona siyasi rəng verilir, ittihamlar irəli sürülür, ölkə “qeyri-demokratiklik”də ittiham olunur. Bu, ikili standartlar siyasətinin nümunəsi olmaqla yanaşı, müstəqil siyasət yeridən ölkələrə, o cümlədən Azərbaycana qarşı qərəzli yanaşmanın əyani ifadəsidir. Hər kəsə bəllidir ki, Cənubi Qafqazın lider dövləti olan, yüksək beynəlxalq nüfuza malik Azərbaycan bu gün müasir demokratik ölkə kimi tanınır. Eyni zamanda, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində adekvat strukturlar tərəfindən müvafiq tədbirlər görülür. Lakin təəssüflər olsun ki, bəzi qurum və şəxslər “insan hüquqlarının müdafiəsi” adı altında qanun pozuntularına haqq qazandırır, qanunların aliliyi prinsipini heçə sayırlar.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Avropa Şurasının Azərbaycan qarşı göstərdiyi ikili standartlardan çıxış etməsini, riyakar mövqe ortaya qoyduğunu sərt şəkildə tənqid edib.
Prezident İlham Əliyev bir neçə çıxışında Dağlıq Qarabağ məsələsi ilə bağlı Avropa Şurasının ikili mövqe nümayiş etdirdiyini vurğulayıb: “Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun”nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı.
Ölkə rəhbəri çıxışında bildirib ki, əslində Avropa Şurasının susmağının səbəbi bəllidir: “Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı”.
“Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür” Azərbaycan və Ermənistanın eyni tarixlərdə Avropa Şurasına üzv olduqlarını və bərabər bir sıra öhdəliklər götürdüklərini vurğulayan Prezident İlham Əliyev, Ermənistandan fərqli olaraq Azərbaycanın götürdüyü öhdəliklər sadiq qalmasına baxmayaraq, bu iki ölkəyə münasibətdə AŞ-nın ikili standartlarda siyasət həyata keçirdiyini xatırladıb: “Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Xüsusilə vurğulanmalıdır ki, həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. AŞ-dan fərqli olaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşısında öhdəliklərinə sadiq qalmışdır”.
AŞPA-nın fəaliyyətinin bəşəri dəyərlərlə və beynəlxalq hüququn prinsipləri ilə üst-üstə düşmədiyini, ikili standartlar nümunəsinə rast gəldiyini qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 23 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər”.

Maştağa qəsəbəsi, Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə


Oxşar xəbərlər