Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınmışdır. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınıb. Qısa bir müddətdən sonra isə Xankəndi adını alıb.
30 ildir erməni işğalı altında olan Xankəndi üç ay bundan əvvəl işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Bütün Qarabağ bölgəsində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir. Bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun 8/1 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb. Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
Xoş gəlmisiniz Xankəndiyə! İdmançılarla ənənəvi görüşü bu il Xankəndidə keçiririk. Bunun çox böyük mənası var. Sizi, ilk növbədə, əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Siz öz zəhmətinizlə dövlətimizini idman şöhrətini göylərə qaldırmısınız və Azərbaycan dövləti də sizi mükafatlandırmaqda tam haqlıdır, çünki siz buna layiqsiniz.
Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi – Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir. Bəli bu gün artıq qürurla deyə bilirik ki, Xankəndində həyat qaynayır, Bu ərazilərimizdə sülh və dinc həyat, əmin-amanlıq başlayıb.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
tərbiyə işləri üzrə direktor müavini Esmira Əliyeva