Ölkəmizin bu gün qloballaşan dünyanın fəal üzvünə çevrilməsinin nəticəsidir ki, tez-tez ölkəmizdə müxtəlif beynəlxalq forumlar, tədbirlər keçirilir. Cari ilin martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu paytaxtımızda keçirilən növbəti önəmli beynəlxalq forumlardan biridir. Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Burada 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Beləliklə, təxmin edə bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq. Əlbəttə, ən dəyərlisi beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair tövsiyələrdir. Bu fikirləri forumda çıxışı zamanı Cənab Prezident İlham Əliyev qeyd etmişdir.
Forumda panel müzakirələrdən biri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 20239cü ilədək uzadılmış sədrliyinin başa çatması ilə əlaqədar idi. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi qısa müddət ərzində Hərəkatın canlanması istiqamətində çox böyük işlər görmüşdür. Bu məqsədlə ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil olunmuşdur. Bu və digər məsələlərə toxunan Cənab Prezident İlham Əliyev qeyd etdi ki : “ Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik”.
Ölkəmizin Beynəlxalq aləmdə artan nüfuzu fonunda bu uğurlar təsadüfi deyil. Təkcə onu qeyd etmək yerinə düşər ki, Avropa üçün yeni enerji tərəfdaşına çevrilən Azərbaycan bu gün dünyanı narahat edən qlobal problemlərin həllinə dəstək verən aktiv ölkəyə çevrilib. Bütün bunlar Cənab Prezident İlham Əliyevin gərgin işinin və siyasi iradəsinin nəticəsidir.
Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev