Azərbaycanın yüksək səviyyəli tədbirlərə evsahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzunun göstəricisidir. Son illər Azərbaycanın regionda aparıcı faktora çevrilməsi, nüfuzunun artması onun beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq əlaqələrinin qurulmasını təmin edib. Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” adlı beynəlxalq forum müzakirəyə çıxarılan mövzular, həm də iştirakçı tərkibi baxımından önəmli idi. Dünyanın 30 ölkəsində fəaliyyət göstərən 60-dan artıq “Beyin mərkəzi” rəhbərinin, tanınmış ekspert və analitiklərin Forumda iştirak etmələri şərait yaratdı ki, Azərbaycanı maraqlandıran mövzular üzrə zəruri mesajlar səsləndirilsin. Həmçinin bu forumda səsləndirilən mesajlar beynəlxalq ictimaiyyətə çatdırılsın. Prezident İlham Əliyevin geniş çıxışında səsləndirdiyi əhəmiyyətli mülahizələr Azərbaycanın öz mövqeyini bütün dünyaya bu dəfə Forum tribunasından bir daha açıqladığı növbəti qətiyyətli mesaj idi.
Bu gün qürur hissi ilə deyə bilərik ki,Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu. ölkə başçısının uzaqgörən siyasəti sayəsində mümkün olub. Ölkəmizdə həyata keçrilən “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq doğma yurdlarına qayıdırlar. 2026-cı ilin sonunadək 140 mindən çox vətəndaşımızın Qarabağa və Şərqi Zəngəzura qaytarılması planlaşdırılır. Azərbaycan heç bir ölkədən yardım almadan öz hesabına düşmənin xarabalığa çevirdiyi işğaldan azad olunmuş əraziləri quruculuq ünvanına çevirib. Azərbaycanın Ermənistan üzərində qazandığı Qələbə, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi bütövlükdə Cənubi Qafqaz regionunda yeni situasiya yaradıb. Təəssüf ki, Cənubi Qafqazı özünün təsir dairəsində saxlamaq istəyən bəzi ölkələr yaranmış yeni situasiyanı qəbul edə bilmirlər. Bu baxımdan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına da mane olurlar. Problemin davam etdirilməsi üçün təşəbbüs göstərirlər. Hansı ki, Azərbaycan həm İkinci Qarabağ müharibəsində, həm də sentyabrın 19-20-də antiterror tədbirlərinin gedişində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində hərəkət edib, BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə əsaslanıb. BMT-də dominant rola malik olan bəzi dövlətlər isə bu reallığı qəbul edə bilmirlər. Buna baxmayaraq, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Bu prosesi davam etdirmək üçün Azərbaycan yetərli potensiala malikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Həmçinin Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir. Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür. Prezident cənab İlham Əliyevin qətiyyətlə bəyan etdiyi kimi, ölkəmizin haqq işinə kölgə salmaq istəyənlərin arzusu elə xəyal olaraq qalacaq. Azərbaycan dövlət olaraq heç vaxt ədalətsizliklə barışmayacaq, necə ki, həmin dairələrin əbədiləşdirmək istədiyi Qarabağın işğalı ilə barışmadı. Amma həmin dairələr beynəlxalq hüququ tam təmin edərək bölgənin sülh və inkişaf təminatçısı olan Azərbaycanın yaratdığı reallıqları qəbul etməyə borcludurlar.
Nərgiz Cavadova,
Salyan rayon Boranıkənd kənd ümumi orta məktəbin direktoru