Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib.
Yeni tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak ediblər.
Azərbaycan Prezidenti Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı.
Dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.
"Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdur. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik".
Ölkəmizi birləşdirən daha bir amil var o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkəmizdə isə sülh, əmin - amanlıq hökm sürür., inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu dövlətimizin və xalqlarımızın böyük nailiyyət və uğurudur.
Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkərə, sözun əsl mənasında, müstəqil ölkə demək olmaz.
Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır,onların taleyi xarici sponsorların əlindədir.
Prezident İlham Əliyev bildirib ki, "SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil və daxili siyasət aparırlar".
Azərbaycan Respublikası Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə fəal və səmərəli xarici siyasət kursu yürüdür. Eyni zamanda ölkəmiz beynəlxalq və regional əməkdaşlığa da əvəzsiz töhvələr verməkdədir. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan iki qitə arasında mühüm körpü rolunu oynayır. Ölkəmizin regional iqtisadi layihələrdə aparıcı mövqeyə malik olması iqtisadi inkişafımıza da əvəzsiz töhvələr verir. Qeyd olunanlar dövlətimizin beynəlxalq mövqelərini daha da gücləndirir. Azərbaycan Respublikasının atdığı bütün addımlar beynəlxalq hüquq prinsiplərinə əsaslanır və region ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirir.
Keçirilmiş görüşlərdə SPECA çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanları ilə bağlı məsləhətləşmələr, ölkələrimiz arasında tərəfdaşlığın inkişafı, inteqrasiyanın dəstəklənməsi, dünya iqtisadiyyatına qoşulma prosesinin asanlaşdırılması ilə bağlı müzakirələr aparılıb. Bundan başqa, SPECA regionunda tranzit marşrutlarının şaxələndirilməsi, ticarət və nəqliyyatın asanlaşdırılması, rəqəmsallaşma və “yaşıl” transformasiya, SPECA Etimad Fondunun yaradılması, bu il quruma üzv dövlətlərin Zirvə görüşünün Bakıda keçirilməsi və “BMT-nin Mərkəzi Asiya iqtisadiyyatlatı üçün Xüsusi Proqramının 25-ci ildönümünün qeyd edilməsi haqqında” BMT Baş Assambleyasının 78-ci sessiyası zamanı irəli sürüləcək qətnamə layihəsi ilə bağlı geniş müzakirələr aparılıb, iştirakçı dövlətlərin nazirlərinin Birgə Bəyanatı qəbul edilib.
SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir.
Bir sözlə, Bakıda Prezident İlham Əliyevin sədrliyi ilə yaradılmasının 25-ci ildönümündə SPECA-nın Zirvə görüşünün təşkil indiki mürəkkəb geosiyasi situasiyada Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin qlobal müstəvidə qələbəsi hesab edilməlidir.
SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün yekunu olaraq Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi qəbul edildi.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Dilarə Əhmədova