Ana Vətən-Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olan, diqqəti cəlb edən, ecazkar təbiəti ilə insanları valeh edən bölgələrimizdən biri də Zəngilan rayonudur. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir.
Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayon ərazisindəki onlarla milli və tarixi-dini abidə talan olunmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Zəngilan rayonu işğaldan azad edilib.
Prezident İlham Əliyev Zəngilan rayonunun işğalından sonra ora səfər etmiş və bu sözləri demişdir: “Uzun fasilədən sonra – 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı, qaytardıq. Şanlı Ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il bundan əvvəl işğalçılardan azad etdi və beləliklə, 27 illik işğala son qoyuldu”.
Rayonun Məmmədbəyli və Babaylı kəndlərində olan türbələr, Şərifan kəndində olan qədim abidələr, naməlum tarixə malik batmış yeraltı qədim Şəhri-Şərifan şəhəri tariximizin açılmamış sirr yaddaşıdır. VII – VIII əsrlərə aid olan, rayonun “Yazıdüzü” ərazisində yerləşən, at dırnaqlarının dərin izi düşdüyünü iddia edilən,əslində isə üzərində qədim mixi yazıların olduğu, diametri 1 m 85 m olan “Koroğlu daşı” deyilən daş. Bu daş qədim İpək yolunun üzərində yerləşdiyi üçün əslində mayak rolunu oynamışdır və bunu daşın üzərindəki çıraq izləri də sübut edirdi.
Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Zəngilan rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunur. Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Bu gün biz Zəngilana qayıdırıq. Zəngilanlılar artıq doğma torpağına qovuşub.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
biologiya müəllimi Xəyalə Kərimova