Azərbaycan digər dövlətlərlə hər zaman mehriban dostluq və qonşuluq siyasəti yürütmüşdür. 22 avqust 2023-cü il tarixdə qardaş Özbəkistan Respublikasının Prezidenti ölkəmizdə rəsmi səfərdə olmuş və bir çox siyasi məsələlər müzakirə olundu. Şavkat Mirziyoyevin Prezident seçiləndən sonra ilk olaraq ölkəmizə gəlişi qardaşlıq və dostluğa verdiyi dəyərin göstəricisidir.
Səfər çərçivəsində bir sıra səmərəli görüşlər təşkil olundu. Bu görüşlər zamanı qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə-beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu.
Səfər zamanı bir sıra mühüm sənədlər imzalanmışdır ki, bunlardan biri və ən önəmlisi Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.
Nəqliyyat-logistika sahəsində yük axınının artmasını və bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini müşahidə edirik.
Azərbaycanda Özbəkistan Mədəniyyət Günləri çox uğurla keçdi. Azərbaycan tamaşaçıları bu xalqın mədəniyyət nümayəndələrinin ustalığına bir daha əmin oldular.
Xalqlarımız arasında dostluq və qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir. Biz hər zaman bir- birimizin yanında olub bir-birimizi dəstəkləmişik.
Qardaş ölkə işğaldan azad olunmuş Qarabağımıza da hədiyyəni unutmadı. Belə ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev isə ölkələrimiz arasında əlaqələrin, xüsusilə də humanitar sahədə əməkdaşlığın əhəmiyyətini önə çəkərək qeyd edib: “Biz ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız qardaş xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizin üçün olduğu kimi, bizim üçün də əziz və doğmadır".
Balaxanı qəsəbəsi, 259№-li tam orta məktəbin
ibtidai sinif müəllimi Səadət Cəbrayılova