Şuşa şəhəri beynəlxalq platformaya çevrilir

Şuşa şəhəri beynəlxalq platformaya çevrilir
Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda iştirak etməsi və burada iştirakçıların çoxsaylı suallarını cavablandırması dünya mediasının diqqət mərkəzində olub. Son vaxtlar Laçın yolu ətrafında baş verən proseslər və bəzi ölkələrin bizə qarşı qarayaxma kampaniyası aparması fonunda Şuşa Qlobal Media Forumunun əhəmiyyəti olduqca böyük idi. Dövlət başçısı Azərbaycanın apardığı siyasəti açıq-aydın formada yerli və xarici qonaqların diqqətinə çatdırdı. Dövlət başçısına ünvanlan ilk sual Qarabağ zəfəri ilə bağlı oldu. Türkiyə Prezidenti Ərdoğan Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi deyən Prezident İlham Əliyev vurğuladı ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən bizimlə çiyin-çiyinə dayandı. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Əslində qardaşlara yaraşan da bu idi. Biri çətinlikdə olanda digəri yardım əlini uzatmalıydı. Rəsmi Ankara siyasi dəstək nümayiş etdirərək əvvəldən axıra kimi Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan etdi. Prezident Rəcəb Tayyib Ərdoğan "3-cü ölkə əgər müharibəyə müdaxilə edərsə qarşılarında Türkiyəni görəcəklər" dedi. Bəli, ötən müddət ərzində Azərbaycan və Türkiyə liderləri arasındakı dostluq-qardaşlıq münasibətləri o qədər gücləndi ki, bunun əksini belə düşünmək olmazdı. Elə işğaldan azad edilən ərazilərə ilk səfər edən xarici ölkə Prezidenti də məhz Türkiyə lideri oldu. Şuşada Azərbaycan və Türkiyə liderlərinin birgə bəyannaməni imzalaması gələcəyə hesablanmış böyük bir addım idi. Bu həmdə Azərbaycanın bölgədə tək olmadığının bəyanı idi.
Bu gün Türkiyə qlobal gücdür.Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır. Rəsmi Ankara bir çox məsələlərin, problemlərin həllində aktiv iştirak edir. Türkiyənin güclənməsi həm də onun dostlarının, müttəfiqələrinin,qardaşlarının güclənməsi deməkdir. Bir çox məsələlərdə bu iki ölkə eyni mövqedən çıxış edir. Türkiyə olmayan yerdə Azərbaycan, Azərbaycan olmayan yerdə Türkiyə onu müdafiə edir.
Lakin unudulmamalıdır ki, Ermənistan cəmiyyətində hələ də revanşit düşüncədə olan insanlar var. Təbii ki, bu işdə onlara xarici havadarları da kömək edir. Öz ölkələrində problemləri həll edə bilməyən Fransa Qarabağdakı erməniləri öz mənfur niyyətlərinə alət etmək istəyir. Moskvadan aydın gündəliklə Xankəndiyə göndərilən Ruben Vardanyanın "xidmətləri" də az deyil. Suyu bulandıranlar hər nə qədər çox olsada artıq iş işdən keçib. Bu qüvvələrin uğur qazanmaq şansları yoxdur. Çünki hər keçən gün onların ətrafındakı halqa bir azda daralır. Qarabağ erməniləri ilə birinci görüş Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Sonra Qarabağ ermənilərinin nümayəndələri 2 dəfə Bakıya dəvət edildi. Lakin onlar bundan nümayişkaranə imtina etdilər. Prezident qeyd etdi ki, üçüncü dəvət olmayacaq. Artıq xarici dariələr də qəbul edir ki, Laçındakı nəzarət-buraxılış məntəqəsinin qoyulması şəraiti əhəmiyyətli dərəcədə dəyişib.
Elə Ermənisanın özündə də hər keçən gün daha yaxşı başa düşürlər ki, Qarabağ Azərbaycan torpağıdır.Bunun alternativi yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəmizin ərazi bütövlüyünü tanıdı. Bura Qarabağ və Ermənistan ərazisində olan 8 Azərbaycan anklavı da daxildir. Qalır bunun sənəd üzərində imzalanması. Düzdü sülh danışıqları hazırda 3 mərkəzdə aparılır. Brüssel, Vaşinqton və Moskvada. Azərbaycan sülhün bərqərar olmasına tövhə verəcək hər bir görüşə hazırdır. Çünki artıq müharibə geridə qalıb və gələcəyə baxmaq, əməkdaşlığı genişləndirmək lazımdır.
Həm də artıq Azərbaycanın ordusu əvvəlki ordu deyil. Silahlı qüvvələrdə islahatlar aparılaraq Türkiyə ordusundakı model əsas götürülüb. Yeni yaradılan komando hərbi hissələrinin sayı artırılıb. Müasir silah sursat, hərbi texnikalar alınıb. Məqsəd Azərbaycan ordusunun gücünə güc qatmaqdır. Ordu 3 il əvvəlki ordudan çox güclüdür. Təəssüflə qeyd etmək lazımdır ki, beynəlxalq hüquq normaları bu gündə kobud şəkildə pozulur. Beynəlxalq hüquq işləməyəndə, silahlı qüvvələr öz sözünü deməlidir. Yəni ordu hər an buna hazır olmalıdır.
Azərbaycana qarşı hər nə qədər müxtəlif ssenarilər hazırlansa da Rəsmi Bakı müstəqil siyasət aparır. Dəfələrlə bildirilib ki, Qarabağdakı Rusiyaya məxsus sülhməramlı qüvvəllərin qalma müddəti bəllidir. Elə NATO-nun Vilnüsdə keçirilən sammitində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirmişdi ki, sülhməramlı qüvvələr 2025-ci ildə Qarabağı tərk edəcəklər.
Bu gün Azərbaycan işğaldan azad etdiyi əraziləri sürətli şəkildə minalardan təmizləyir, buna paralel olaraq əhalinin tarixi torpaqlarına qayıdışını təmin edir. Bu ərazilərə yeni nəfəs verir. Şuşa şəhəri beynəlxalq platformaya çevrilir. 30 il ərzində unudulan, daş üstünə daş qoyulmayan Şuşaya indi dünyanın hər yerindən çoxsaylı qonaqlar dəvət edilir. Müxtəlif forumlar, tədbirlər, konfranslar keçirilir. 3 il ərzində işğaldan azad olunmuş ərazilərə 150 mindən çox insanı qayıtması planlaşdırılır. 30-dan çox şəhər və kəndin baş planı artıq təsdiqlənib.
Azərbaycan bu gün qalib ölkədir. Azərbaycan həmdə beynəlxalq aləmdə sözünə etibar edilən ölkədir. Heç şübhəsiz Azərbaycanin təşəbbüsü ilə reallaşacaq Zəngəzur koridoru ilə bölgənin iqtisadi xəritəsi də əhəmiyyətli dərəcədə dəyişəcək.


Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
direktoru Ruhiyyə İbrahimova

Oxşar xəbərlər