Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ölkəmizə son səfəri iki ölkə arasında möhkəm təməl üzərində innkişaf edən dostluq və qardaşlıq tarixində növbəti pillə idi. Görüş zamanı tərəflər bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklərini, bölgənin sabitliyi və təhlükəsizliyi üçün vacib olan Türkiyə-Azərbaycan amilinin rolunu gündəmə gətirmiş, iqtisadi, hərbi, sosial, mədəni, humanitar sahələrdə əməkdaşlığın bundan sonra daha geniş addımlarla irəli aparılmasının zəruriliyini göstərmişlər. Görüş zamanı prezidentlər bəyanatlarla çıxış etmişlər ki, bu bəyanatların məzmununa da yuxarıda qeyd olunmuş məsələlər davil edilmişdir.
Ölkələrimiz arasında ticarət dövriyyəsi də bir daha nəzərdən keçirilmişdir. Türkiyə Cümhuriyyəti Böyük iyirmiliyin üzvüdür və bu fakt bizim üçün bu əməkdaşlığı daha zəruri edir. Bu dövlətlər dünya əhalisinin 20%-nə, iqtisadiyyatının isə 80%-nə sahibdirlər. Türkiyə qlobal iqtisadi güc kimi Azərbaycan iqtisadiyyatının inkişafında da əhəmiyyətli paya malikdir.
Eyni zamanda qarşılıqlı olaraq Azərbaycan dövlət şirkətləri və sənayeçiləri xaricə çıxışın əhəmiyyətli hissəsini Türkiyə sərhədləri çərçivəsində görürlər. Hal-hazırda ölkələrimiz arasında ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşmışdır. Onu da qeyd edək ki, hələ 25 fevral 2020-ci il tarixində Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı xarici ticarət dövriyyəsinin 15 milyard dollar səviyyəsinə çatdırılması hədəfə alınmışdır.
Ümumiyyətlə isə iki ölkə arasında ticarət əlaqələrinin hüquqi bazasının dərinliyinə nəzər salsaq, onlarla müxtəlif məzmunlu sənədlərin bağlandığının şahidi olarıq.Lakin bu günlərdə cənab Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk olaraq ölkəmizə səfər etməsi və ictimai həyatın bütün sahələri üzrə geniş aspektli əməkdaşlıq təklifləri bu hüquqi bazanın genişlənməsinə xüsusi töhfə verir.
Qalibiyyətlə bitmiş Vətən müharibəsinin sonunda bağlanmış üç ölkənin birgə Bəyanatının müddəalarına əsasən açılacaq Zəngəzur dəhlizi və Naxçıvan-Qars dəmiryolunun tikintisi ölkələrimiz arasında ticarət dövriyyəsinin, iqtisadi əməkdaşlığın daha intensiv kommunikasiyasını təmin edəcəkdir.
Türkiyə Azərbaycanın enerji resurslarının Avropaya ötürülməsinin tranzit daşıyıcısı olaraq mühüm rol oynayır .Qlobal pandemiyanın, ardınca da Avropanın şərqində ötən il başlayan məlum müharibənin təsiri ilə qoca qitənin enerji ehtiyatları azalmaqda davam edərkən Azərbaycan nefti və qazına tələbat kəskin artmışdır. Göründüyü kimi Türkiyə-Azərbaycan əlaqələri bu mənada da qlobal əhəmiyyət kəsb etməkdədir.
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov