Toylarda israfçılığa son verilməsi üçün qaydalar hazırlanır? – “Bir nəfərlik menyu belə olmalıdır”

Toylarda israfçılığa son verilməsi üçün qaydalar hazırlanır? – “Bir nəfərlik menyu belə olmalıdır” Azərbaycanda toylarda sifariş olunan ərzaqlarla bağlı normaların tətbiq olunması təklif olunur. Belə bir təkliflə deputat Aydın Hüseynov çıxış edib.

Əslində toy menyularında israfçılığın qarşısınn alınması ilə bağlı uzun illərdir ki, müzakirələr gedir.

Hələ bir neçə il əvvəl şadlıq evləri ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən standart hazırlandı və bir çox tələblər qoyuldu. Amma restoran sahibləri buna əməl etmədi.

Məsələ yenidən aktuallaşıb və toylarda qida məhsullarının kaloriliyi baxımdan qənaətə əməl edilməsi üçün xüsusi normaların tətbiqi təklif olunub.

Maraqlıdır, toyda bir nəfərin istehlak səbətinə hansı məhsullar daxil olmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamovun sözlərinə görə Azərbaycanda bu, qlobal bir problemdir və nemətlərin tullanmaması və israfçılığın qarşısının alınması üçün standartın tətbiq olunması təqdirəlayiq addım olar:

“Amma restoran sahibləri bununla razılaşacaqlarmı? Onlar maraqlıdır ki, qida rasionunda bir nəfər üçün nə qədər bol məhsul olsa, o qədər də menyunu baha qiymətə satmış olarlar. Ümumiyyətlə, bir nəfər üçün qida rasionunda zülal-karbohidrat hesablaması var. Məsələn, bir nəfər 250-300 qram ət yeyə bilər. Amma süfrəyə baxanda görürsən ki, ətlə yanaşı, toyuq, qril, balıq, soyutma ət və ardı-arası kəsilməyən kabablar gəlir. Hələ sonda plov və onun da içində ət gətirilir. Yəni bu, artıq kalori mənbəyidir”.

Mütəxəssis hesab edir ki, toylarda normadan artıq qida qəbul edənlər sağlamlıqlarını riskə atanlardır:

“Təsadüfi deyil ki, bəzən toylarda ürəkdən dünyasını dəyişənlər olur. Birdən-birə kalorili yeməklərlə yanaşı içkilərin içilməsi də təhlükəlidir. Yaxşı olar ki, toy menyularının xüsusi standartı olsun və bu, bütün şadlıq evlərinə şamil olunsun. Süfrədə çərəzlərdən, salatlardan və yüngül qəlyanaltılardan istifadə olunmalıdır.

Bu isə mövsümə görə dəyişməlidir. Yay aylarında mayonezli məhsulların toylarda süfrəyə qoyulması düzgün deyil. Bilirsiz ki, mayonezli salatlar qonaqlardan əvvəl süfrəyə düzülür və saatlarla masanın üzərində qalır. Hansı ki, bu da qida zəhərlənməsinə gətirib çıxara bilər. Yaxşı olar ki, zeytun yağından hazırlanmış yüngül salatlardan istifadə olunsun. Bu da qida rasionunu aşmamalı, bir nəfərə 100 qramdan hesablanmalıdır.

Əgər 5-6 çeşid salat olacaqsa, bir nəfərə 30-35, maksimum 50 qram kifayət edir. Süfrəyə təqdim olunacaq kabablar adambaşı bir ədəddən çox olmamalıdır.

Yaxud lülə kabab varsa, tikəyə, tikə varsa, lüləyə ehtiyac yoxdur. Çünki hər ikisi quzu ətindən hazırlanır və kalori dəyəri çox yüksəkdir. Ümumi olaraq 100 qram salat, 200 qram ət kifayət edir. Nəinki süfrəni boş təamlarla doldurub, arası kəsilmədən qida yemək... Artıq toylarda “qonşudan qalma geri”prinsipinə son verilməlidir”.

Oxşar xəbərlər