Bakı toyxanaları kababı hansı ətdən bişirir, quzunu haradan alır… – Araşdırma

Bakı toyxanaları kababı hansı ətdən bişirir, quzunu haradan alır… – Araşdırma İndi Bakıda toyların qızğın vaxtıdır və paytaxtda sayı-hesabı bilinməyən şadlıq saraylarından demək olar ki, hər gün toy sədaları yüksəlir.
Əlbətdə, kababsız nə toy və deməli toyxanalardan həm də kabab tüstüsü aləmə bülənd olur. Hərçənd son günlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaya tüstü buraxan şadlıq sarayları və restoranlarda reydlərə başlayıb. Və təmizləyici qurğusu olmayan, yaxud belə qurğularda filtrlərin təmizlənmədiyi obyektlərdə manqalların istifadəsinə məhdudiyyət qoyulur.

Bu günlərdə nazirlik manqallardan istifadənin qadağan edildiyi bir neçə şadlıq sarayının siyahısını açıqlamışdı, daha sonra təkrar reydlər nəticəsində onlardan üçünə qoyulan qadağa götürüldü, qalanları isə belə çıxırdı ki, qonaqlarına kabab verə bilməyəcək.

Toylarda kabab təkcə şadlıq saraylarının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin problemi deyil. Xaricdən dondurulmuş ət idxalının getdikcə artdığı, ölkədə fermer təsərrüfatlarının azaldığı bir vaxtda toylarda kababın hansı ətdən bişirildiyi haqda suallar olub və indi də var.

Çünki Bakıda orta və kasıb təbəqə əsasən menyusu 30-35 manatdan aşağı olan şadlıq saraylarında toy etməyə üstünlük verir. Nəzərə alsaq ki, bazarlarda kabablıq təmiz quzu ətinin kiloqramı 14 manata təklif olunur, bu toyxanalarda ətin mənşəyi məsələsi sual doğurur. Ehtimal oluna bilər ki, toyxana sahibləri yerli ət adı altında xaricdən gətirilmiş, qiyməti və keyfiyyəti dəfələrlə aşağı olan ətdən istifadə edirlər.

Statistik rəqəmlər də bu il ərzində ölkəyə xaricdən ət idxalının artığını təsdiqləyir. Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, 2019-cu ilin 10 ayında ölkəyə xaricdən 41 786.38 ton ət idxal olunub. İdxal olunan ətin dəyəri 64 milyon 172 min dollar təşkil edib. Ötən illə müqayisədə idxal olunan ətin çəkisi 2 956.47 ton, məbləği isə 6 milyon 951 min dollar və ya 12,14 faiz artıb.

Bəs iaşə obyektləri əti haradan alırlar? Restoran və şadlıq sarayları fermerlərlə müqavilə bağlayırmı? Bizimyol.info xəbər verir ki, Virtualaz.org ortaya çıxan bu sualları bir neçə şadlıq saraylarına ünvanlayıb.

“Yoxladılar, heç bir problem aşkarlanmadı”

Bir müddət əvvəl adı qidadan kütləvi zəhərlənmə faktı ilə gündəmə gələn “Şahənşah” şadlıq sarayı ilə əlaqə saxladıq. Administrator Zaur Abdullayev çalışdığı restoranda istifadə olunan ət məhsullarının keyfiyyəti ilə bağlı heç bir problem olmadığını deyir. Onun bildirdiyinə görə, Qida Təhlükəsi Agentliyinin mütəxəssisləri yaxın vaxtlarda şadlıq sarayında yoxlama aparıblar və hər hansı problem aşkarlanmayıb.

“Bizim sırf qoyun əti və toyuğun alınması ilə məşğul olan təchizatçımız var, bu işlərə o baxır. Ətin dəqiq haradan alındığını deyə bilmərəm, ancaq onu deyə bilərəm ki, keyfiyyəti yoxlanılır. Qida Təhlükəsizlik Agentliyinin Qida İnstitutu tərəfindən təminat verilən məhsulu istifadə edirik”, Z. Abdullayev deyir.

“Təbrik” şadlıq sarayında isə sualları eşidən kimi kobud reaksiya verdlər. Restoranın özünü təqdim etmək istəməyən əməkdaşı qoyun ətinin Beyləqan və Bərdədən gətirdiyini desə də, hansı formada aldıqlarını, müqavilə bağlayıb bağlamadıqlarını bildirməkdən imtina etdi və telefonu söndürdü.

Qeyd edək ki, bu şadlıq sarayında müştərilərə hətta 24 manatlıq menyü təklif edilir. Onlar bu qiymətin içərisinə təmiz ətdən bişirilmiş yeməkləri, o cümlədən kababları necə yerləşdirirlər, indiki qiymətlər şəraitində bu “əsl möcüzədir”.

“Normal restoran 35 manatdan aşağı menyu hazırlamaz”- administrator

“Xudafərin” şadlıq sarayının administratoru Arif Yusifov isə bildirdi ki, çalışdığı şadlıq restoran əti fermalardan, toyuq isə broyler fabriklərindən alır, yoxlanılır və ondan sonra mətbəxə gəlib çıxır. 50 ilə yaxındır ki, restoran biznesi ilə məşğul olduğunu və bu sahəni dərindən bildiyini deyən administratorun sözlərinə görə, ətin təmiz olmasını restoranın menyu qiyməti göstərir: “Normal şadlıq sarayı heç vaxt 35 manatdan aşağı menyu qiyməti qoymaz. Amma bəzi şadlıq sarayları keyfiyyətsiz, istifadəyə yararsız ətdən istifadə edib aşağı qiymətə menyu təklif edirlər. Məsələn, kabablardan narazılıq ona görə yaranır ki, bəzən lülə kababa xaricdən gətirilmiş quyruq vurulur. Məsələn, bazarda yerli quyruğun qiyməti topdansatışda 8,5 manatdırsa, İrandan gətirilmiş keyfiyyətsiz quyruğun kiloqramı 5,5 manata satılır”.

Administrator deyir ki, ucuz menyu ilə şadlıq sarayına hər gün müştəri cəlb etmək olar. Amma keyfiyyətli ərzaqlardan hazırlanmış qidalar qiyməti onlarla uyğunlaşdırmağı tələb edir: “Mən 1997-c ildə bir müddət tanınmış şadlıq saraylarından birində işləmişəm. O zamankı pulla menyu qiyməti 30 min manat idi. Üç ay hər gün toy sifarişimiz oldu, amma heç nə qazana bilmədik. Başa düşdüm ki, ya ərzağın keyfiyyətinə fikir verməyib ucuz menyu qoymalısan, ya da qiyməti qaldırmalısan. Növbəti aydan menyu qiymətini 40 min manata qaldırdıq. Ay ərzində cəmi 17 toyumuz olurdu, amma əvvəlkindən daha çox qazanırdıq. Bizdə hər şey şəffafdır, gəlib çəkə də bilərsiniz”, – həmsöhbətimiz deyir.

“Çıraq Palace” şadlıq sarayından da toylarda istifadə olunan mal və qoyun ətinin rayonlardan gətirildiyini dedilər. Administrator bildirdi ki, restoranda hələ indiyə qədər kababın keyfiyyəti ilə bağlı şikayət, narazılıq bildirən olmayıb: “Bizim əməkdaşlar toylar üçün əti gedib Beyləqanda fermerlərdən alırlar. Toyuq da ki, broyler şirkətlərindən müqavilə əsasında gətirilir. Keyfiyyətinə də AQTA nəzarət edir. Hələ indiyə qədər şikayət edən olmayıb”.

“Leş mafiyasının əli toyxanalara qədər uzanıb…”

Şadlıq sarayları müştərilərə keyfiyyətli kabab verdiklərini desələr də, mütəxəssislər kababın keyfiyyətindən narazıdırlar. Azad İstehlakçılar Birliyinin sərdi Eyyub Hüseynov bildirib ki, kababın keyfiyyəti onu qane etmir:

“Bu günlərdə DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin leş mafiyasının üstünü açmağı onu göstərdi ki, bu mafiyanın əli çox yerə, o cümlədən, toyxanalara, uşaq bağçalarına, məktəb bufetlərinə qədər uzanıb. Əlbəttə, bu sahədə problem yaşanır. Təəssüf ki, bu problemlərin aradan qaldırılması üçün AQTA-nın atdığı addımlar zəruri olsa da, kafi deyil”.

Ekspert deyir ki, birliyə bununla bağlı istehlakçılar tərəfindən tez-tez şikayətlər daxil olur. Ehtimal olunur ki, mənşəyi məlum olmayan ətlərdən istifadə olunaraq kabab bişirilir.

E. Hüseynovun sözlərinə görə, şadlıq sarayları və restoranlar əti haradan gəldi, alırlar. Əslində isə, Nazirlər Kabinetinin 114 saylı qərarına görə, ölkənin əmtəə bazarında satılan bütün əmtəə məhsullarının üstü bağlanmalı, üstündə istehsal tarixi, yararlılıq müddəti, istehsalçı firmanın adı yazılmalıdır. Amma əksər hallarda buna əməl olunmur.

Heyvanların identifikasiyası aparılmalıdır – Ekspert

Problemi aradan qaldırmağa gəlincə isə, ekspert bildirir ki, bunun üçün heyvanların identifikasiyası həyata keçirilməlidir: “Yəni heyvan anadan olanda, başqa ölkələrdəki kimi qulağına birka taxılır. Onun haqqında olan bütün məlumatlar – baytar nə vaxt, hansı dərmanı verib, neçə ildən sonra kəsmək olar və sair kompüterə daxil edilir. Öləndə də bu məlumatlar oradan silinir. Bizdə isə heyvanların heç bir faizinin identifikasiyası həyata keçirilməyib”.

Ekspert deyir ki, əgər bu proses həyata keçirilsə, bazara, mağazalara təsadüfi heyvan əti daxil olmaz.

Oxşar xəbərlər