Əhəd Abıyev: “Bilirsiniz, dünyanın bir çox görkəmli siyasətçiləri, tanınmış dövlət xadimləri dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevi çox yüksək nüfuz və səmimi hörmət qazanmış şəxsiyyət, demokratik dövlət qurucusu kimi yüksək səviyyədə qiymətləndirmişlər, öz xatirələrində də onun haqqında çox dəyərli fikirlər söyləmişlər.
Dahi şəxsiyyət Heydər Əliyevin adının dünyanın tanınmış 100 siyasətçisi sırasında olması təsadüfi deyil. Onun keçirtdiyi zəngin həyat məktəbi öz xalqını, vətənini, millətini sevən hər bir kəs üçün örnəkdir. Ölkəmizdə bütün sahələr üzrə inkişaf Heydər Əliyev siyasətinin uğurları ilə bağlıdır.
Mən bir ictimai-siyasi xadim kimi çox xoşbəxtəm ki, qüdrətli tarixi şəxsiyyət Heydər Əliyevin bilavasitə məktəbini, siyasi kursunu keçən millət vəkili olmuşam, onun ideyalarına, Yeni Azərbaycan Partiyasının yaradılmasında və təşkilində sədaqətlə xidmət etmişəm. Ulu Öndər Heydər Əliyevin mənə olan diqqət və qayğısını tam məsuliyyətimlə hiss eləmişəm. Hər zaman da çalışmışam ki, Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeyimlə iştirak edim, dövlətçiliyimizin inkişafında, xalqın həyatında üzərimə düşən vəzifə borcumu yerinə yetirim.
Ulu Öndərimiz Heydər Əliyevlə bağlı o dövrdəki illəri, millət vəkili olduğum günləri fəxrlə xatırlayıram. Onun haqqında günlərlə, aylarla danışmaq olar. Heydər Əliyevin rəhbərliyi altında işləmək mənim həyatımda böyük bir uğurlu məktəb olub. Həyatımın bəzi ictimai-siyasi məqamlarını onunla birlikdə yaşamışam. Bu barədə o dövrdə mənim televiziya çıxışlarım və mətbuatda çoxsaylı yazılarım olub. O dövrdə elə ciddi, yaxın məqamlar olub ki, mən indi də onlar barədə açıqlayıb danışa bilmərəm...
Masallı rayonundan seçilib millət vəkili olanda cənub bölgəsində əhali əkib-becərdiyi kənd təsərrüfatı məhsullarını Bakıya gətirməkdə çox çətinlik çəkirdi, əksər hallarda da məhsulları təsərrüfatlarında qalıb xarab olurdu. Mən bu məsələni Ulu Öndərimiz Heydər Əliyevin ali nəzərinə müraciətimlə çatdıraraq bildirdim. Dahi şəxsiyyət Heydər Əliyev məsələni dərhal nəzarətə götürərək həlli üçün aidiyyəti üzrə o vaxt Azərbaycan Dövlət Dəmir Yolunun rəisi hörmətli Ziya Məmmədova göstəriş verdi. Belə ki, Bakı-Astara istiqaməti üzrə yeni dəmiryol sərnişin qatarı xətti açıldı, adını da “Cənub Qatarı” qoydu. Bu dəmiryol xətti əhalinin rifahının yaxşılaşmasında, gediş-gəlişinin asanlaşmasında, ərzaq və yüklərin daşınmasında böyük müsbət rol oynadı. Buna görə ölkəmizin cənub bölgəsindən çoxsaylı insanlar Ulu Öndərimiz Heydər Əliyevə razılıqlarını, dərin təşəkkür və minnətdarlıqlarını yazaraq bildirirdilər.
Eləcə də çox vacib bir ciddi məsələ olan Bakı-Ələt-Astara avtomobil yolunun yenidən çəkilişi ilə bağlı seçicilərimin müraciətləri əsasında millət vəkili kimi Ulu Öndərə müraciət etdim. Sonra onun ali nəzərinə çatdıraraq xahiş elədim. Bu çox ciddi olan məsələni sonra nəzarətə alan Ulu Öndərimiz Heydər Əliyev aidiyyəti üzrə nazirliklərə tapşırdı və sabiq nəqliyyat naziri Ziya Məmmədov tərəfindən məqsədyönlü layihə işlənib hazırlandı. Ulu Öndərimizin göstəriş və tapşırığına əsasən həmin layihə əsasında tamamilə yeni istiqamətdə, qısa məsafəli asfalt Ələt-Astara magistral yolu sonradan yüksək səviyyədə beynəlxalq standartlara uyğun müasir formada çəkilərək cənub bölgəsi əhalisinin istifadəsinə verildi. Hazırda yeni çəkilmiş geniş magistral yolun inşası əhəmiyyətli dərəcədə qısaldı, həmçinin vaxta da qənaət edildi. Bu da çox sevindirici böyük tarixi bir hadisə oldu.
Ulu Öndərimizin işlədiyi dövrdə şəxsən onun təşkilatçılığı ilə Masallı Viləşçay su anbarının tikintisi həyata keçirilərək Masallı rayon əhalisinin istifadəsinə verilmiş, rayonda su məsələsi daimi olaraq həll olunmuşdur.
Ümummilli Liderimiz hər dəfə cənub bölgəsinə səfərlər edəndə mənim onunla millət vəkili kimi həmişə çox maraqlı, aydın xatirələrlə yaddaqalan görüşlərimiz olub. Rayonlarda sakinlər Heydər Əliyevi böyük coşğuyla, sevinclə, bayram əhval-ruhiyyəsi ilə qarşılayırdılar. Həmin möhtəşəm tarixi görüş günlərini bir kino lenti kimi gözümüzün önündə bu gün də hiss etməmək mümkün deyil. O, Allahın Azərbaycana bəxş etdiyi qüdrətli şəxsiyyət idi.
Bu gün ərazi bütövlüyümüz bərpa olunur. Qarabağ azaddır. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ilk addımlar atılır. Böyük Qayıdışa real zəmin yaranıb. Möhtərəm cənab İlham Əliyev 2009-cu ilin oktyabrında Türkdilli Dövlət Başçılarının Naxçıvan Zirvə Görüşündə mühüm bir mesaj verərək demişdir: “Vaxtilə Azərbaycanın tarixi, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi, demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı, yəni türk dünyasının vahid bir ailə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdır”.
İnanın, Qərbi Azərbaycana dönüşümüz də möhtəşəm olacaqdır. Biz o yerlərə qayıdacağıq. Mənim iki əkiz oğlan nəvəmlərim var: Mikayıl, İsmayıl. Babalarının adlarını daşıyırlar. Onlar da səbirsizliklə Zəngəzura qayıdışı gözləyirlər. Niyə də qayıtmasınlar? Ulu babalarının məzarını Zəngəzurda ziyarət edib əcdadlarının yolu ilə getmək, onların ruhlarını şad etmək istəyirlər. Zəngəzur mahalı bizim tarixi torpağımızdır.
Bizim şəcərə tariximiz sənədlə Zəngəzur mahalından başlayır. Sonra babalarımız erməni etnik təmizləmə siyasətinin qurbanı olmuşdur.
Zəngəzur mahalında minlərlə gənclərimiz kimi mənim nəvələrimin də hüquqları bərpa olunacaq, haqq-ədalət öz yerini tapacaq və xalqımızın qayıdışı möhtəşəm olacaqdır. Ulu Öndərimizin də ideyaları tam qalib gələcəkdir. Ulu Öndər Heydər Əliyevin irsini qorumaq və təbliğ etmək bizim hər birimizin şərəfli vəzifə borcudur”.