Bu günədək siyasi partiyaların fəaliyyətini tənzimləyən “Siyasi partiyalar haqqında” əvvəlki Qanun 1992-ci ildə qəbul edilmişdi. Sənədin qəbulundan 30 il vaxt keçir. Bu illər ərzində Azərbaycanın qazandığı uğurların xronologiyası siyasi sistemdə aparılan islahatların real nəticələrini ortaya qoyur. Bircə bu faktı qeyd edə bilərik ki, bu günədək əvvəlki Qanuna 27 dəfə əlavə və dəyişiklik edilib. Həmin Qanun təbii ki, qəbul olunduğu dövrün reallığını əks etdirirdi. Bu, o dövr idi ki, Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Təbii ki, o zamanın hədəfləri tamamilə fərqli idi. İllər keçdikcə inkişaf yolunda inamla irəliləyən Azərbaycanın ictimai-siyasi həyatında dünyanı heyrətləndirən yeniliklər baş verir, yeni tələblər qarşıya qoyulur. Hər zaman çağırışları yüksək səviyyədə cavablandıran Azərbaycanın dövlətinin mövcud qanunlara mütəmadi olaraq əlavə və dəyişikliklər etməsi də bu tələblərdən irəli gəlirdi.
Artıq iki ildən çoxdur ki, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu reallıqlar yeni çağırışları gündəmə gətirir. Dünya tarixi Zəfərimizdə Azərbaycan xalqının birliyinin, vətəndaş həmrəyliyinin müstəsna rol oynadığının şahidi oldu. 44 günlük müharibədə 50-dən artıq siyasi partiya həyata keçirilən siyasətə dəstəyini Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi ilə ifadə etdi. 50-dən artıq siyasi partiyanın qəbul etdiyi birgə Bəyanatda dövlət başçısı İlham Əliyevin siyasətinin bugününə və gələcəyinə böyük inam ifadə edildi. Tarixi Zəfərimizin reallıqları əsasında keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması da siyasi dialoq mühitinin inkişafında mühüm addım kimi dəyərləndirildi.
“Siyasi partiyalar haqqında” yeni Qanun ümumilikdə siyasi partiyaların normal fəaliyyətinə daha geniş imkanlar yaradacaq. Ümumi qənaət budur ki, nə qədər siyasi partiya yaradılsa da onların fəaliyyətində dövlətə xidmət prinsipi əsas götürülməlidir.
Ramidə İbrahimova-36 saylı şəhər poliklinikasının baş həkimi