Müharibədən əvvəlki dövrdə bütün vətənpərvər qüvvələrin bir amalı vardı, torpaqlarımızın işğaldan azad olunması. Azərbaycan xalqı birlik göstərərək buna nail oldu. Hazırda qarşımızda duran əsas məqsəd isə bu qələbəni siyasi yollarla möhkəmləndirmək, dağılmış, talanmış ərazilərimizlə bağlı reallıqları dünya ictimaiyyətinə çatdırmaqdır. Bu məsələnin həllində də iqtidar və müxalifət partiyaları birgə addımlamalı, dövlətçilik maraqlarını bütün digər maraqlardan üstün tutmalıdır.
Ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir edən Prezident İlham Əliyevin sözlərini xatırlayaq:
“Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.
Bəli, hazırda da milli və siyasi həmrəylik daha da gücləndirilməkdədir. Yanvarın 11-də qüvvəyə minən “Siyasi partiyalar haqqında ” qanun qəbul edilməzdən əvvəl 47 siyasi partiya,bir çox siyasi qurumlar və politoloqlar tərəfindən müzakirə edilmişdir. 6 fəsildən 30 maddədən ibarət olan bu qanun partiyalararası rəqabətin yaranmasını və partiyaların sərbəst fəaliyyətini təmin edir.
Son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirilir, siyasi partiyaların inkişafına dövlət tərəfindən dəstək göstərilir. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti partiyalar arasında əməkdaşlığın genişləndirilməsində, siyasi dialoq mühitinin formalaşmasında daim maraqlı olmuş və olmaqdadır da.
Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Elnarə Hüseynova