“Qarabağ Azərbaycandır!” çağırışı özündə bütün məqamları ehtiva edir

“Qarabağ Azərbaycandır!” çağırışı özündə bütün məqamları ehtiva edir

Artıq üçüncü ildir ki, xalqımız hər bir tarixi hadisəni, bayramı Qələbə ovqatı ilə, Zəfər ruhunda qeyd edir. Ermənistanın 30 il davam edən işğalı dövründə Prezident İlham Əliyevin xalqımıza bayram təbriklərində bu amal, arzu xüsusi vurğulanırdı ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Həmin günün uzaqda olmadığı bildirilərək, belə bir əminliyi şərtləndirən amillər də diqqətə çatdırılırdı. Zəfər savaşında əldə olunan şanlı qələbə ərazi bütövlüyümüzü bərpa etməklə yanaşı, Azərbaycanı qüdrətli dövlət kimi bütün dünyaya tanıtdı. Bu gün ölkəmiz regionun lideri kimi inkişafın və sabitliyin təminatçısı statusundadır. İşğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq və quruculuq işləri nəticəsində ölkəmiz xarabalığa çevrilmiş bölgədə müasir tələblərə cavab verən yaşayış məntəqələrinin qurulması ilə mövcud problemlərin sürətlə həll edilməsinə nail olur. “Torpaqların işğaldan azad olunması kimi, həmin bölgənin abadlaşdırılması da Prezident İlham Əliyevin birbaşa nəzarətindədir.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Azad Qarabağ, azad Zəngəzur cənnət məkana çevrilir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Tərtər rayonuna səfəri, eləcə də ölkə başçısının Talış kəndində Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciəti ciddi mesajlarla yadda qaldı. Regionda sülhün bərqərar olması, münaqişənin danışıqlar yolu ilə həllini ölkəmiz otuz il gözlədi. Bu uzun vaxt ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlar haqq səsimizə reaksiya vermədilər. Prezident təəssüflə qeyd etdi ki, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilərin ikili yanaşmaları məsələnin həllinə yox, dondurulmasına yönəlmişdi. Əlbəttə, bütün danışıqlar masasında Prezident İlham Əliyevin qətiyyəti aydın idi: “Azərbaycan bu işğalla heç vaxt barışmayacaq! ” Bütün vədlərinə sadiq qalan dövlət başçısı bunu da bacardı və ölkəmizi də bu işğalla barışdırmadı.Xalqın ən böyük gözləntisi, arzusu Prezident İlham Əliyevin komandanlığı altında reallaşdı, müasir Azərbaycan tarixinin ən parlaq səhifəsini 44 gün ərzində şanlı ordumuz yazdı və işğala son qoyuldu. Status yoxdur, əvəzində qalib statuslu bütöv Azərbaycan var və regionun standartlarını rəsmi Bakı diktə edir.
Dövlətimizin başçısı 2021-ci ildə Novruz tonqalını işğaldan azad edilmiş Şuşada, ötən il Suqovuşan qəsəbəsində, bu il isə Talış kəndində alovlandırdı. Bu, xalqımız üçün böyük xoşbəxtlikdir. Xalqımız bu sevincli anları 30 illik işğal dövründə səbirsizliklə gözlədi və bu unudulmaz anları yaşayacağına əmin idi. “Çoxəsrlik tariximizin parlaq səhifəsi kimi dəyərləndirilən şanlı Zəfərimizdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri Böyük Qayıdışın tam şəkildə başa çatacağı günü daha da yaxınlaşdırır. Erməni tapdağından 2020-ci il oktyabrın 3-də azad edilən Talış kəndində qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işləri göz önündədir. Kənddə fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə tanışlıq zamanı dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, birinci mərhələdə 20 ev bərpa edilib və yenidən qurulub. Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürülüb. Bu kəndə ümumilikdə 180-ə yaxın ailənin qayıtması nəzərdə tutulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Talış kəndində görülən işlərlə, "Suqovuşan" su anbarının və magistral su kanalının əsaslı təmiri, həmçinin turizm obyektlərinin tikintisi ilə tanış oldular, yeni inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etdilər. “Prezident, həmçinin İkinci Qarabağ müharibəsində şərəfli ordumuz tərəfindən çökdürülən Ermənistana növbəti ciddi xəbərdarlığını bildirdi. Ölkə başçısı qeyd etdi ki, Ermənistanda revanşist qüvvələr yenidən baş qaldırıblar. Yəni Ermənistanda yenə də Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları səsləndirilir. Ermənistan və onun arxasında duran riyakar ölkələr bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Birliyimiz, gücümüz, iradəmiz qarşısında acizdirlər. Qüdrətimiz, dostlarımız, dünyada güclü mövqelərimiz hamıya bəllidir”. Müzəffər Ali Baş Komandanın hər bir çıxışının, müraciətinin sonunda qətiyyətlə səsləndirdiyi “Qarabağ Azərbaycandır!” çağırışı özündə bütün məqamları ehtiva edir.

İbadət Cəfərov,
Salyan rayon Ərəbqardaşbəyli kənd tam orta məktəbin direktoru


Oxşar xəbərlər