Şanlı Ordumuzun rəşadəti sayəsində artıq işğaldan azad edilmiş bu torpaqlarda bir çox digər sahələr kimi turizmin inkişaf etdirilməsi üçün də məqsədyönlü addımlar atılır

Şanlı Ordumuzun rəşadəti sayəsində artıq işğaldan azad edilmiş bu torpaqlarda bir çox digər sahələr kimi turizmin inkişaf etdirilməsi üçün də məqsədyönlü addımlar atılır Prezidentin Ağdama növbəti səfəri bu bölgənin inkişafında prioritet istiqamətləri müəyyənləşdirdi Ağdam sürətlə yenidən qurulur və artıq çox az müddətdən sonra bir zamanlar erməni işğalı səbəbindən öz tarixi torpaqlarından, dədə-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımız bu torpaqlara daimi yaşamaq üçün geri dönəcəklər. Bu gün Ağdam rayonunun bərpası ilə bağlı həyata keçirilən kompleks tədbirlərin miqyası və əhatəliliyi bunu deməyə əsas verir. Prezident İlham Əliyevin birbaşa göstərişləri əsasında artıq Ağdamın gələcək inkişafı ilə bağlı bir çox önəmli addımlar atılıb və bu istiqamətdə işlər davam etdirilir. Fevral ayının 13-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna növbəti səfərləri də bu proseslərin dövlətin xüsusi diqqətində saxlandığını bir daha təsdiq edir.

Dövlətimizin başçısının bölgələrə etdiyi bütün digər səfərləri kimi Ağdama səfəri də bir çox önəmli açılışlar və təməlqoyma mərasimləri ilə əlamətdar oldu. İlk növbədə, səfər çərçivəsində dövlətimizin başçısı Ağdam şəhərində sənaye parkının iki yeni müəssisəsinin təməlini qoydu. Həmçinin işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdamda infrastruktur layihələri sürətlə icra olunur. Belə ki, artıq azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Bundan başqa, səfər çərçivəsində dövlətimizin başçısı Ağdamda “Park Forest Otel Ağdam” mehmanxanasının təməlini qoydu.

Məlumdur ki, son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülüb. Lakin ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. Bu gün isə Müzəffər Ali Baş Komandanın qətiyyəti və Şanlı Ordumuzun rəşadəti sayəsində artıq işğaldan azad edilmiş bu torpaqlarda bir çox digər sahələr kimi, turizmin inkişaf etdirilməsi üçün də məqsədyönlü addımlar atılır. O cümlədən Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisidir. Əlbəttə ki, xüsusi əhəmiyyət kəsb edən daha bir əlamətdar hadisə dövlətimizin başçısı tərəfindən yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub.

Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin müjdəsini Azərbaycan xalqına çatdırarkən Prezident, Ali Baş Komandan İlham Əliyev demişdi: “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədəbaba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq”. Bu gün dövlətimizin başçısının dediyi bu sözlər Ağdam rayonunda yeni yaşayış kompleksinin təməlinin qoyulması ilə bir daha öz təsdiqini tapır”, Sonda Prezident İlham Əliyevin çıxışında erməni faşizmini qızışdıranlara ünvanlanan

növbəti xəbərdarlıq mesajının da yer aldığını vurğulayan Aqiyə Naxçıvanlı vurğulayıb: “Dövlətimizin başçısı çıxışında bir daha bildirdi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bu sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri əsasında ölkələrin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımaq şərti ilə imzalanmalıdır. Bununla belə, Azərbaycan xalqı ermənilər tərəfindən törədilmiş vəhşiliyi heç vaxt unutmamalıdır. Bu gün regionda qeyri-sabitlik yaratmağa meyilli olan qüvvələr hələ də Cənubi Qafqazda gedən mütərəqqi prosesləri əngəlləməyə çalışırlar. Bu, ilk növbədə, Ermənistanda mövcud olan və xalqı qeyri-real revanşist ideyalarla yenidən və bu dəfə artıq daha dərin uçuruma doğru aparmağa çalışan qüvvələrə aiddir. Məhz bu qüvvələrin təsiri altında rəsmi İrəvan hələ də üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq üzərinə götürdüyü öhdəliklərin icrasını həyata keçirməkdə lazımi fəallığı nümayiş etdirmir. Lakin bu qüvvələr də bilməlidirlər ki, Azərbaycan bölgəmizdə erməni faşizminin yenidən baş qaldırmasına heç vaxt imkan verməyəcək. Bunu hər kəs bilməlidir və Azərbaycanın görə biləcəyi əks-tədbirlərin Ermənistana çox baha başa gələ biləcəyini də hər kəs dərk etməlidir. Bu gün Prezident İlham Əliyev tərəfindən görülən işlər, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələr bunu hər zaman xatırlamalıdırlar.

Maştağa qəsəbəsi, 255 saylı tam orta məktəbin

müəllimi Gülnarə Dəmirova

Oxşar xəbərlər