Ulu öndər Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin gələcək tərəqqisinin əsası oldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı. Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Ümummilli lider Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Dahi siyasi xadim xalqın tələbi ilə ikinci dəfə prezident seçildikdən sonra əməli fəaliyyətə keçmiş dövlətçiliyimizə, suverenliyimizə təsir edə biləcək istənilən məsələyə xüsusi həssaslıqla yanaşmışdır.
Artıq qeyd etdim ki, Ulu öndərin tarixi xidmətləri fəaliyyətinin bütün mərhələlərini əhatə edir və təbii ki, bir yazıda bütün bunlar haqda yazmaq mümkün deyil. Buna baxmayaraq ikinci dəfə prezidentlik dövrünün əvvəllərində Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşü ilə bağlı bəzi məqamları xatırlatmaq istərdim. Diqqətlə fikir versək məhz bu bölgələrin Azərbaycanın ictimai siyasi həyatındakı rolu və təbii ki o dövrlərdə bəzi separatçı qüvvələrin bu bölgələrimizdəki insanları təxribata çəkmək meyllərinin olması əlbəttə ki, Ulu Öndərin diqqətindən yayına bilməzdi. Buna görə də bu görüşdə həm həmin qüvvələrə sərt mesaj verildi, həm də bölgə ictimaiyyətinə aydın şəkildə çatdırıldı ki, müstəqilliyimizi qorumaq və gücləndirmək üçün bir bütün olmaq vacibdir. Zaman göstərdi ki, dahi liderimiz heç də yanılmayıb belə ki, istər adı çəkilən bölgələrdə istərsə gözəl ölkəmizin digər bölgələrində müstəqilliyimizi parçalamağa çalışan xəbis planlar qurulur və həyata keçirilməyə çalışılırdı. Lakin artıq gec idi. Gec idi ona görə ki, öz seçdiyi lideri ilə bütünləşən xalq hər bir maneəyə qalib gəlmək iqtidarında idi. Ziyalıların və ictimaiyyət nümayəndələrin dahi liderin səsinə səs verməsinin və ona inanmasının nəticəsidir ki, dövlətimiz 90-cı illərin təlatümündən alnıaçıq çıxa bildi. Bu gün Azərbaycan müstəqil dövlətdir. Artıq xalqımız müstəqilliyin nə olduğunu və onun necə əldə edildiyini, hansı qurbanlar hesabına əldə edildiyini gözəl bilir. Daha bir danılmaz fakt ondan ibarətdir ki, Ulu öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi azərbaycançılıq məfkurəsi bu gün də yaşayır və yaşayacaqdır.
Sabunçu qəsəbəsi, 68 saylı orta məktəbin
direktor müavini Asiman Paşayev