Putin Paşinyandan nə tələb edir: İrəvanın Moskvadan şikayəti var - GƏLİŞMƏ

Putin Paşinyandan nə tələb edir: İrəvanın Moskvadan şikayəti var - GƏLİŞMƏ Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı zirvə toplantısında Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edib.

Sammitdə əsas diqqət Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakına, eləcə də nəticələrə yönəlib. Xüsusilə, Ermənistanın açıq-aşkar anti-Rusiya davranışları, danışıqlar prosesini müxtəlif qeyri-ciddi vasitələrlə uzatması ya prosesdən imtinası, üçtərəfli bəyanatda qeyd edilmiş və sonrakı müddətdə razılaşdırılmış bəndlərə riayət etməməsi, eyni zamanda, bütün bunlara qarşı Azərbaycanın mövqeyi diqqət mərkəzində olub.

Bu arada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Kremli rəsmi İrəvana Zəngəzur dəhlizinin açılması və Ermənistanın Rusiya-Belarus İttifaqına qatılmasına məcbur etmək üçün təzyiq göstərdiyini iddia edib. Belarusun İrəvandakı səfirinin ittifaq dövlətində üçüncü ölkəyə ehtiyac olduğunu bildirməsi fonunda bu açıqlama rəsmi İrəvanın təşvişi kimi qiymətləndirilir.

Politoloq Zərdüşt Əlizadə AYNA-ya açıqlamasında deyib ki, Rusiyanın Ermənistana təzyiq imkanları yoxdur: “Moskva Ermənistana yalnız Azərbaycan vasitəsilə təzyiq edə bilər. Hesab edirəm ki, Azərbaycan da heç bir halda buna getməyəcək. Çünki Ermənistanın Rusiya-Belarus İttifaqına qoşulması bizim də milli maraqlarına ziddir. Əgər Rusiya Ermənistanı bu ittifaqa qoşarsa, o zaman bu risk gələcəkdə digər postsovet ölkələri, habelə Azərbaycan üçün də mövcuddur”.

“Ermənistan tərəfi bundan nəticə çıxarmalıdır. Onlar Zəngəzur dəhlizinin açılması, sülh sazişinin imzalanması barədə yekun qərarını elan etməlidirlər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları olaraq yaşamaq istədiklərini bəyan edərsə, bu halda Rusiyanın onlara heç bir təzyiq imkanı qalmayacaq. Yox, əgər onlar bunu etməsə, təxribatçı fəaliyyətini davam etdirsə, heç şübhəsiz, bu təzyiqlər davam edəcək”, - deyə həmsöhbətimiz bildirib.

Analitik hesab edir ki, Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması Azərbaycan ilə Ermənistan arasında münasibətlərin bərpa olunmasından keçir: “Rusiya çox zəif durumdadır. Ukraynada faktiki məğlubiyyətə uğrayıb. ABŞ və Qərbin çoxvektorlu embaqroları qarşısında qaməti bükülüb. Rusiyanın daxilində ciddi etirazlar gözlənilir. Rusiya artıq əvvəlki Rusiya deyil. Onun nə Azərbaycana, nə də Ermənistana ciddi təzyiq aləti mövcuddur. Yalnız Qarabağ bəhanəsi ilə aranı qarışdıra bilər. Ermənistan Azərbaycan torpaqlarında sərvətlərimizi talayır, ərazilərimizi ekoloji və mina terroruna məruz qoyursa, Azərbaycan da öz haqlı mövqeyini ortaya qoyacaq”.

“Nə qədər ki, Rusiya bu əraziləri öz nəzarətində görmək istəyir, “drijor çubuğunu” yerə qoymayıb, bu ərazilərə nicat yoxdur. Ermənistan təcili olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Zəngəzur dəhlizini açmalı və sülh sazişi imzalamalıdır. Əks halda Rusiyanın təzyiqlərindən yayına bilməyəcək. Ermənistan Rusiyanın təzyiqlərindən yalnız bir yolla yayına bilər – Azərbaycanın ərazi bütövlüyünü tanımaqla”, - deyə Əlizadə vurğulayıb.

DİA.AZ-ın məlumatına görə, “Turan” İnformasiya Agentliyinin direktoru, siyasi şərhçi Mehman Əliyev mövzuya dair AYNA-ya şərhində söyləyib ki, Ermənistan çaşqınlıq içərisindədir: “Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkəsini Rusiya-Belarus İttifaqına qatmaq üçün təzyiqlərin olmasına dair iddiasının həqiqət olub-olmadığını söyləməkdə çətinlik çəkirəm. Hesab edirəm ki, Ermənistanın siyasi rəhbərliyi daha çox beynəlxalq dəstək qazanmağa çalışır. Onlar Rusiya ilə Qərb arasında manevr etməyə çalışırlar. Gah Rusiya, gah da Qərbdən yana olduqlarını göstərməyə çalışırlar”.

“Artıq görürlər ki, Rusiyadan ciddi dəstək ala bilmirlər. Özlərini elə aparırlar ki, guya Qərbə inteqrasiya kursu götürüblər. Beynəlxalq ictimaiyyətə Azərbaycanı Rusiya ilə eyno oyunda yer alan dövlət kimi göstərməyə çalışırlar. Qərbə mesaj verirlər ki, “biz sizinlə birlikdə olmaq istəyirik, lakin Rusiya-Azərbaycan birliyi buna mane olur””, - deyə müsahibimiz qeyd edib.

Onun sözlərinə görə, Ermənistan sülh sazişi imzalamağa və Zəngəzur dəhlizini açmağa hazırlaşmır: “Rəsmi İrəvan istəyir ki, münaqişə dondurulsun. Onlar da bu müddətdə toparlana bilsinlər. Ardınca da yenidən Qarabağı ələ keçirsinlər. Ümid edirlər ki, Rusiyanın süqutu fonunda bu istəyinə nail olacaqlar. Lakin yanılırlar. Ermənistanın nəinki bu gün, bundan sonra heç zaman Azərbaycanla müharibə aparmağa nə siyasi, nə iqtisadi, nə də hərbi gücü olacaq. Yaxşı olardı ki, onlar reallığı qəbul etsinlər”.

“Azərbaycanı yenidən müharibəyə təhrik edirlər. Əgər doğrudan da regionda sabitliyin təmin olunmasında maraqlıdırlarsa, Rusiyanın təzyiqlərini istəmirlərsə, o halda Zəngəzur dəhlizini açsınlar, sülh sazişi imzalasınlar, Azərbaycanın ərazi bütövlüyünü tanısınlar. Belə olarsa, heç kim onlara təzyiq göstərə bilməyəcək”, - deyə Əliyev fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər