Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı

Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı
Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Bunu işğalçı Ermənistan silahlı qruplaşmaları da bildiklərindən şəhərdə güclü istehkamlar qurmuşdular. Hətta yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Qubadlının azad olunması ilə Silahlı Qüvvələrimizin Laçın istiqamətində əməliyyatlar həyata keçirmək üçün möhtəşəm imkan əldə olundu. Qoşunlarımızın irəliləməsi üçün Hadrut-Şuşa istiqamətində isə kifayət qədər geniş şərait yarandı. Laçın istiqamətinə yol açıldı. Laçın dəhlizini tam atəş nəzarətində saxlamağa nail olundu. Düşmən ehtiyatlarının Qarabağa daşınmasını və düşmən bölmələrinin Qarabağ daxilində manevr etmək imkanı tam məhdudlaşdırıldı. Laçın dəhlizinin bağlanması isə xüsusilə Şuşanın azad edilməsi üçün həyata keçirilən döyüş əməliyyatlarının taleyini əvvəlcədən həll etdi.
Qubadlının işğaldan azad olunması həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Şəhər işğaldan azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıqda hərbi istehkam, hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salmışdılar. Bununla belə, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdilər. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Ermənistan bu cür cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir.
Ramis Nəsibov-Bakıxanov bələdiyyəsinin sədri


Oxşar xəbərlər