Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir

Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir
Müstəqil Azərbaycanın çağdaş tarixinə əlamətdar hadisə kimi daxil olaraq bütün həyati əhəmiyyətli sahələrdə dinamik inkişafa yol açan 2003-cü ilin 15 oktyabr prezident seçkiləri də nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva etmiş, həmçinin Heydər Əliyev siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını tam sübuta yetirmişdir. Məhz həmin seçkilərdə xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyevin fəaliyyəti bu baxımdan mövcud siyasi strategiyanın varisliyinin təmin olunmasında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. İctimai maraqlardan çıxış edən ulu öndər Heydər Əliyev xalqa 2003-cü il 1 oktyabr tarixli müraciətində Azərbaycan xalqının dünyanın ən qabaqcıl xalqları sırasında layiqli yerini tutduğu, millətimizin zəngin mənəvi aləminin, dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi özünəməxsus töhfələrin, sivil dünya dəyərlərinə yiyələnmək qabiliyyətinin hamıya məlum olduğu, azərbaycanlıların öz əməyi, istedadı ilə bütün sahələrdə dünya xalqları ailəsinə getdikcə daha sürətlə inteqrasiya etməsi reallığının indi heç kimi təəccübləndirmədiyi məmnunluqla bildirilirdi. Böyük öndər müraciətində əlavə edirdi ki, müstəqil dövlətimiz bu gün dünya ölkələrinin ən qabaqcıl təcrübəsindən və dəyərlərindən bəhrələnərək inkişaf edir. Demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş haqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq, Azərbaycan Avropanın və dünyanın ən qabaqcıl, qüdrətli dövlətləri ilə çiyin-çiyinə fəaliyyət göstərir.
Ümummilli liderin müəyyənləşdirdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına, dövlətinə necə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Azərbaycanda alternativi olmayan Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.

Sabunçu qəsəbəsi, 68 №-li tam orta məktəbin
direktor müavin Asiman Paşayev

Oxşar xəbərlər