Azər Ələkbərov: Qələbə həmişə bizimlə olacaq

Azər Ələkbərov: Qələbə həmişə bizimlə olacaq Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi, polis kapitanı Azər Ələkbərov - “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 27 Sentyabr-Anım Günündə Füzuli rayonunun Qaraxanbəyli kəndindən səsləndirdiyi bu çağırış hər birimizin qarşısında mühüm vəzifələr qoyur. Tarixi Zəfərimizin qəhrəmanlarını tanıtmalı, onların qanı, canı bahasına əldə etdiyimiz bu Qələbəni tariximizin ən şanlı səhifəsi kimi indiki və gələcək nəsillərə çatdırmalıyıq. Qalib ölkənin vətəndaşı olmaq böyük şərəf, qürurdur. Azərbaycan Bayrağı işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır, bu torpaqların sahibi olduğumuzu dünyaya böyük fəxrlə çatdırırıq. Prezident İlham Əliyevin hər zaman bəyan etdiyi kimi, biz bu torpaqlarda əbədi olacağıq.

Şəhidlərimizin qanı yerdə qalmadı. Döyüş meydanında onların qisasını aldıq. Ermənistan silahlı qüvvələrini diz çökdürən Azərbaycan əsgəri torpağımızda gözü olan, 30 il işğal altında saxlayaraq qurduğu xəyallar əsasında bu torpaqları sonadək verməyəcəyini düşünən Ermənistana elə bir dərsi verdi ki, tarixdə unuda bilməyəcəyək. Baxmayaraq ki, Zəfərdən sonra törətdiyi təxribatları ilə günün əsas məsələsi olan sülh müqaviləsinin imzalanmasından yayınmağa cəhd edib, hər bir təxribatının qarşısı Ordumuz tərəfindən qətiyyətlə alınır. Bu reallıqlara söykənərək Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli rayonundakı çıxışında bir daha bildirdi ki, qoymayacağıq düşmən başını qaldırsın, bizim üçün təhdid yaratsın: “Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.”

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə Zəfərə aparan yolun başlanğıcı olan 27 sentyabrda xalqa müraciətində erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd azad edildi. Bu Qələbələrimiz Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdi. Adı tarixə Zəfərimizin Sərkərdəsi, ərazi bütövlüyümüzün bərpasının memarı kimi yazılan dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd etdi ki, biz bu illər ərzində həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində güc topladıq. İqtisadiyyatımızı, ordumuzu gücləndirdik.

Füzulidəki çıxışında “44 günlük Vətən müharibəsi şanlı tariximizdir” çağırışını edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik: “Şəhidlərimizin şərəfinə bu abidə - bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik.”

44 günlük İkinci Qarabağ müharibəsi gücümüzü, əyilməz iradəmizi, birliyimizi göstərdi. Müharibənin, qələbəmizin rəmzinə çevrilən “Dəmir yumruq” birliyimizi dünyaya çatdırdı. “Dəmir yumruq” həm birlik, həm də güc idi. Hər bir azərbaycanlı haqlı olaraq fəxr edə bilər ki, müzəffər xalqın övladıdır,

Artıq ölkəmiz üçün yeni dövr başlayıb. Baxmayaraq ki, düşmən azad olunmuş torpaqlarımızda hər şeyi dağıdıb, bütün şəhərlərimiz, kəndlərimiz yüksək səviyyədə bərpa edilir. Qarabağda və Şərqi Zəngəzurda cənnət yaradılır. Bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq.


Oxşar xəbərlər