Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir

Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir Azərbaycanın idman potensialı ildən-ilə daha da güclənir. Hər il beynəlxalq yarışlarda yüzlərlə medal qazanılır. İdmançılar müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edirlər. Bu isə onu göstərir ki, təmsilçilərimizin uğurları təsadüfi xarakter daşımır.
Dövlət rəhbərliyi xalqın, ilk növbədə, böyüməkdə olan nəslin fiziki-mənəvi sağlamlığının təmin olunması naminə idmanın inkişafını diqqətdə saxlamaqla yanaşı, ölkənin idman imicinin daha da yüksəldilməsinə çalışır. Bunun nəticəsi olaraq idman artıq ictimai həyatın mühüm tərkib hissəsinə çevrilib.
Bütövlükdə cəmiyyətdə idmançılara müsbət münasibət və böyük hörmət var. Hazırda paytaxtda və bölgələrdə müasir standartlara cavab verən olimpiya idman komplekslərinin fəaliyyət göstərməsi gənclərə, yeniyetmələrə, eyni zamanda, idmançılara yaradılan şəraitin parlaq nümunəsidir. Qazanılan bu uğurlarda güləşçilərimizin payı daha çoxdur. Belə ki, Azərbaycan güləş məktəbinin yetirmələri olan gənc olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda rəqibləri üçün ən ciddi idmançılar sayılırlar. Pəhləvanlarımız iştirak etdikləri istənilən turnirin favoritidirlər.
Artıq bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Tarixi Zəfərimiz ölkəmizə qarşı münasibətlərdə böyük dəyişikliklərə yol açdı. Dünya haqqın, ədalətin kimin tərəfində olduğunu bir daha gördü və qəbul etdi. Hazırda informasiya mübarizəsinin getdiyi dövrdə 44 günlük Vətən müharibəsinin reallıqlarının qəbulu istiqamətində ciddi addımlar atılır. Bu gün idmançılarımız da qalib Azərbaycanı təmsil etməkdən sevinclidirlər. Həqiqətlərimizin təbliğinə öz töhfələrini verirlər.
Bir ildən artıqdır ki, azadlığına qovuşmuş tarixi torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev mütəmadi olaraq bu ərazilərə səfərlər edərək görülən işlərlə yaxından tanış olur, soydaşlarımızın Böyük Qayıdışının reallığa çevrilməsi istiqamətində mühüm addımlar atılır.
Bu gün yaşadığımız qürur hissi 44 günlük Vətən müharibəsini hər zaman yada salmağı bir zərurət kimi ortaya qoyur. Bu baxımdan ki, 44 gündə 30 ilin işğalına son qoyuldu. 44 gün özündə bir çox məqamları, çağırışları ehtiva etdi. 44 günlük İkinci Qarabağ müharibəsi xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar dövlətimizin başçısı İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi. Dövlətimizin başçısı nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Bir addım da mövqeyindən geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu- Torpaqlarımızdan rədd olub getmək. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və bu əminlik reallıqda əksini tapdı.
Qarşıdakı illərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək.


Ramil Gülməmmədov,
Salyan rayon Xıdırlı kənd tam orta məktəbin direktor əvəzi

Oxşar xəbərlər