Aİ tarixində İLK - Bu ölkə çıxılmaz vəziyyətdə

Aİ tarixində İLK - Bu ölkə çıxılmaz vəziyyətdə Avropa Komissiyası bu həftənin şənbə günü Avropa İttifaqı Şurasına korrupsiya cinayətləri və ölkədə qanunun aliliyinin təmin olunmadığı səbəbindən rəsmi Budapeştə ayrılacaq 7,5 milyard avronun dondurulmasını tövsiyə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, Aİ tarixində ilk belə haldır.

Qanunun aliliyi və demokratik prinsiplərin pozulduğu ölkələrə Avropa fondlarından vəsait ayırmamaq imkanı təxminən 2 il əvvəl - Macarıstan və Polşanın etirazlarına baxmayaraq, Avropa İttifaqı ölkələri tərəfindən təsdiqlənib. Büdcəyə cavabdeh olan Avropa Komissiyasının üzvü Yohannes Hanın sözlərinə görə, rəsmi Budapeşt noyabrın 19-dək Komissiyanın göstərdiyi problemləri həll etməlidir. O, ilk növbədə Macarıstan hakimiyyətinin korrupsiya ilə mübarizə sahəsində həyata keçirdiyi qeyri-kafi tədbirlərə diqqət çəkib. Yohannes Hanın fikrincə, belə bir şəraitdə Aİ-nin vəsaitlərinin təyinatı üzrə getməsi mümkün deyil.

Bundan başqa, Avropa İttifaqı baş nazir Viktor Orban hökumətini avtoritar meyllərdə, QHT-lərin sıxışdırılmasında, LGBT və qadınların hüquqlarını məhdudlaşdırmaqda, məhkəmələri və medianı tamamilə tabe etməkdə suçlayır. Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi qətnamədə Macarıstanın artıq tam hüquqlu demokratik dövlət olmaqdan çıxdığı və “seçki avtokratiyasına” çevrildiyi vurğulanıb.

Qeyd edək ki, 10 ildən artıqdır hakimiyyətdə olan Viktor Orban bir çox siyasi məsələlərdə Avropa İttifaqı liderlərinin əksəriyyətindən fərqli mövqe tutur. Söhbət xüsusilə Ukraynadakı müharibəyə münasibətdən gedir. Macarıstan Rusiyanın təcavüzünü pisləsə də, Kiyevə silah verməkdən imtina edir. Bundan başqa, rəsmi Budapeşt Aİ-nin Moskvaya qarşı sanksiyalarını tənqid edir, onları sərtləşdirmək üçün irəli sürülən təşəbbüsləri bloklayır və ya əngəlləməyə çalışır.

Oxşar xəbərlər