Türkiyə-Azərbaycan dostluğu bütün dünyaya nümunədir

Türkiyə-Azərbaycan dostluğu bütün dünyaya nümunədir Atalardan belə bir deyim var: Sel gedər, daş qalar, El gedər qardaş qalar. Qoca dünya qədim bir tarix görüb, dostluq görüb, xəyanət görüb, zəfər görüb, məğlubiyyət görüb...

Ulu Türkiyə və Can Azərbaycanımızın əbədi, əzəli dostluğuna da hər zaman şahid olmuşdur, ta bu günə kimi. Çox uzaq keçmiş deyil, düz 96 il əvvəl,1918-ci il 15 sentyabrda Azərbaycan və türk əsgərləri birlikdə Bakını erməni-bolşeviklərindən azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli bir gün yazıblar.Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin böyük uğur səhifəsidir. Təkcə bu döyüşdə 1130 türk əsgəri qardaş yolunda şəhid oldu. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Türkiyə sona qədər yanımızda durdu. Özünün də ağır durumuna rəğmən Qardaş Türkiyə ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün bir an belə tərəddüd etmədi. Bax budur Türkiyə-Azərbaycan qardaşlığı. Aramızda qan bağı var, biz eyni irqdən, eyni kökdən gəlirik. Dahi şairimiz Bəxtiyar Vahabzadə demişkən:

“Bir budağın iki qolu,

Bir ananın iki oğlu

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə”

Mənə Dədə Qorqud dastanından yaxşı tanıdığımız Əgrəklə Səgrəyi xatırladan Azərbaycan-Türkiyə qardaşlığına 2-ci Qarabağ döyüşlərində biz yenidən bir daha, amma canlı şahid olduq. Həm duasıyla, həm də puasıyla yanımızda olan Türkiyəm! Yaxşı ki varsan, hələ gənc dövlətimi, əsgər qardaşlarımı bu haqq savaşında tək qoymadın, böyük qardaş olduğunu göstərdin. Ən çox ehtiyacımız olan anda həm də mətbuatınla “Səninləyik, can Azərbaycan” dedin, yanan ürəyimizə su səpdin. Qoy mənim ölkəm daim zirvələrdə olsun, qoy şəhidlərimizin canını fəda edərək son nəfəsdə “Vətən sağ olsun” dedikləri yurdum şad-xürrəm günlər keçirsin, sən də qardaşına bax qürur duy,bu sənin haqqındır Türkiyəm! Əbədi dostluğunuz, gücünüz bundan belə xoş, əmin-amanlıq günlərdə şeirlərə, dastanlara dönsün! Ölkə prezidenti cənab İlham Əliyev Türkiyənin dünya miqyasında Azərbaycana tam dəstək verən ölkə olduğunu qeyd etmişdir, “Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün artırılması bizi daha da güclü edir” deyərək qardaş ölkəyə həmişə bizim yanımızda olduğu üçün dərin təşəkkürünü bildirmişdir. Prezident onu da qeyd etmişdir ki bu iki dövlət həmişə bir- birinin yanında olacaq, bir -birinin uğurunu dəstəkləyəcəkdir. Dostluğumuz bütün dünyaya nümunədir. Nə xoş bizim halımıza ki, münasibətlərimiz dayanmadan inkişaf edir, hərtərəfli əməkdaşlığımız yüksək səviyyədədir, sarsılmazdır, qətidir. Yenidən şair Vahabzadənin 1991-ci ildə yazdığı Azərbaycan-Türkiyə şeirinə müraciət edirəm:

Dinimiz bir, dilimiz bir

Ayımız bir, ilimiz bir

Eşqimiz bir, yolumuz bir

Azərbaycan-Türkiyə

Şeir 30 il öncə yazılıb ,sanki bu günlər üçün yazılıb

Ramana qəsəbəsi, 137 nömrəli tam orta məktəbin

tarix müəllimi İlyas Abbasov

Oxşar xəbərlər