Müsəlman ölkələri tərəfindən göstərilən dəstək və həmrəylik bizim üçün çox önəmlidir

Müsəlman ölkələri tərəfindən göstərilən dəstək və həmrəylik bizim üçün çox önəmlidir Sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində – Vətən müharibəsində Azərbaycana ilk dəstək verən qardaş Türkiyə oldu. Eyni zamanda digər dost və qardaş ölkələr, türk dünyasının aparıcı təşkilatları bu haqq mübarizəsində Azərbaycanın yanında olduqlarını ifadə etdilər. Noyabrın 1-də və 2-də Azərbaycan Prezidentinin Bakıya təşrif buyuran dost-qardaş ölkələrin nümayəndələri ilə görüşləri bunu bir daha təsdiqlədi. Azərbaycan Prezidenti noyabrın 2-də Türkiyənin keçmiş Baş Naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.

Bu səfəri də ölkəmizlə həmrəyliyin növbəti təzahürü kimi yüksək qiymətləndirən dövlət başçısı deyib: “Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu dönəmdə də birliyimiz daha da möhkəmləndi. Bildiyiniz kimi, indi Vətən müharibəsi gedir, yaxşı nəticələr var, bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib... İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik, işğalçıları torpaqlarımızdan qovacağıq. Türkiyə ilk saatlardan bizim yanımızda olduğunu bəyan etmişdir. Bu, çox önəmli bəyanatlar idi və bizə əlavə mənəvi dəstəyin göstərilməsi bir daha Türkiyə-Azərbaycan birliyinin təzahürüdür”.Prezident deyib ki, Azərbaycan dünya miqyasında da çox böyük dəstək alıb. 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da bizə dəstək göstərib. “Bu, əlbəttə bir daha onu göstərir ki, bizim işimiz haqq işidir, biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz ərazimizdə müharibə aparırıq, eyni zamanda, bu təşkilatlarda cəmləşən ölkələrin Azərbaycana olan münasibətinin əlamətidir”, - deyə dövlətimizin başçısı əlavə edib.

Azərbaycanın müsəlman ölkələri ilə çox sıx əlaqələri vardır. “Biz ikitərəfli formatda fəal əməkdaşlıq edirik və beynəlxalq arenada da bir-birimizi daim dəstəkləyirik. Xüsusilə BMT-də və digər beynəlxalq təşkilatlarda təmsil etdiyiniz ölkələrlə əməkdaşlığımız çox uğurludur. Bildiyiniz kimi, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Təşkilatın xətti ilə Azərbaycanda bir çox mötəbər tədbirlər keçirilmişdir. Ötən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş Zirvə görüşündə də təşkilat və onun üzvləri Azərbaycana bir daha öz dəstəyini bildiriblər. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrini dəstəkləyir. Keçənilki Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da çox önəmli addımlar atılıb, qərar qəbul edilib. İslam Əməkdaşlıq Təşkilatı münaqişə ilə bağlı bir çox sənədlər, qətnamələr qəbul edib ki, o sənədlərdə Azərbaycanın haqlı mövqeyi dəstəklənir. Keçən il isə Ermənistanın təcavüzü ilə bağlı Kontakt Qrupu yaradıldı və biz bunu da çox yüksək qiymətləndiririk. Müsəlman ölkələri tərəfindən göstərilən dəstək və həmrəylik bizim üçün çox önəmlidir. Bu dəstəyə görə mən təşkilatın üzvlərinə minnətdaram”.

Bakıxanov qəsəbəsi, 74 nömrəli məktəbin

tərbiyə işləri üzrə direktor müavini Vüsalə Bayramova

Oxşar xəbərlər